Jurnalistlərin binasına gedən yollar niyə "bağlıdır" ? FOTOLAR
Bakıda camaat arasında "jurnalistlərin binası" kimi tanınan evin sakinlərinin yol infrastrukturu ilə bağlı şikayəti var.
Milli.Az xəbər verir ki, APA TV-nin baş direktoru Vüqar Hüseynov bildirib ki, jurnalistlərin binası ilə Bayıl dairəsi arasında məsafə 1,7 kilometrdir. Həmin yolda hərəkəti ikitərəfli etdikdən sonra binadan maşınla sola çıxış qadağan edilib. Bayıl dairəsinə getmək üçün maşınlar sağa çıxıb Bibiheybət məscidinin qarşısına getməli, orada dövrə vuraraq təzədən Bayıl dairəsinə qayıtmalıdır. Nəticədə 1,7 kilometrlik yol olub 5,1 kilometr: "Binadan yola çıxışda dairə qoymaqla, yaxud qırıq xətlər çəkməklə problem asanlıqla həll olunar. Amma bunun üçün biz yığışıb ən azı 3 idarəyə məktub yazmalı, müraciətlər göndərməli və sair bürokratik əngəlləri aşmalıyıq. Elə bil kimsə qapımızı mismarlayıb, deyirik, aç, deyirlər, müraciət elə, müzakirə edək, ondan sonra düşünək, görək açmaq məsləhətdir, ya yox... Biz də oturub evimizdə qapımızın açılmasını gözləməliyik..."
Qeyd edək ki, həmin binada yaşayan sakinlər bir müddət öncə ərazidə avtobus dayanacağının qoyulması və yolda piyada zolağının çəkilməsi istəyi ilə də çıxış etmişdilər.
Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib ki, həmin yolda tətbiq edilən yenilik Bakı Şəhər İcra Hakimiyyəti ilə Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsi arasında razılaşdırılmış məsələdir. "Azəryolservis" ASC isə sadəcə hazırlanmış sxem üzrə icraçı qurum olub və yolda xətlənmə işləri aparılıb: "Ümumiyyətlə, yollarda edilən dəyişiklik və ya yeniliklərlə bağlı bütün məsələlər ilk növbədə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasında bir neçə dövlət qurumunun nümayəndələrinin iştirakı ilə müzakirə olunur və müvafiq qərar qəbul edilir. Hətta biz və ya digər qurumlardan hər hansı biri ayrılıqda istəsə də, birtərəfli qaydada qərar qəbul edib həmin ərazidə dəyişiklik edə bilməz. Mən bildiyimə görə, jurnalistlər orada avtobus dayanacağı və piyada zolaqlarının çəkilməsini də istəyirlər. Bunların heç biri ayrılıqda heç bir qurumun səlahiyətində olan məsələ deyil.
Əgər onlar bunu istəyirlərsə və ya hansısa narazılıqları varsa, onda mütləq ya Bakı Şəhər İcra Hakimiyyətinə, ya Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinə və ya bizə rəsmi ümumi müraciət etməlidirlər ki, sonra da onlar müzakirə olunmaq üçün adıçəkilən Komissiyaya təqdim edilsin. Əgər Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı olmasa, orada heç kim heç nə edə bilməz. Çünki orada hərəkətin intensivliyi, şiddəti, avtobusların hərəkət marşrutu və s. məsələlər nəzərə alınmalıdır".
1 179 dəfə oxundu