İcra başçısı baş redaktoru yenidən məhkəməyə verdi

İcra başçısı baş redaktoru yenidən məhkəməyə verdi


Fikrət Fəraməzoğlu: «Rafil Hüseynovu qismən ağıllı adam hesab edirdim, amma məlum olur ki, bu məsələsində çox geridə qalıb»

Masallının icra başçısı Rafil Hüseynov JAM.AZ-ın baş redaktoru Fikrət Fəraməzoğlunu yenidən məhkəməyə verib. Sayca 4-cü olan şikayətə Masallı rayon Məhkəməsində hakim Nemət Musayevin sədrliyi altında baxılacaq. Bu barədə baş redaktor özü məlumat verib.

Fəraməzoğlu bildirir ki, ilk məhkəmə proses iyunda yekunlaşıb və Masallı Məhkəməsi elə hakim Nemət Musayevin əliylə ona 5000 manat cərimə kəsib. «Növbəti məhkəmə prosesi bu ilin oktyabrında yekunlaşıb və Rafil Hüseynovun xüsusi ittiham qaydasında Masallı Məhkəməsinə etdiyi müraciət qanunsuz olsa da, sifariş əsasında haqqımda hökm çıxarıb. Anar Alməmmədovun hökmünə əsasən əmək haqqımın 15 faizi tutulmaqla, 1 il müddətinə islah işlərinə cəlb olunmalıyam. Apelyasiya Məhkəməsinə etdiyimiz müraciətimiz Masallı Məhkəməsinin xahişi əsasında geri qaytarılıb. Növbəti dəfə müraciət etmişik və cavab gözləyirik».

Baş redaktor bildirib ki, növbəti iki məhkəmə ilə bağlı hazırlıq iclasları keçirilib. «Həmin işlərdən biri dekabrın 2-də Anar Alməmmədovun sədirliyi ilə icraata götürülüb. Digərinə isə bu gün baxılması üçün iclas təyin edilib. Hakim isə Nemət Musayevdir. Birinci proses üzrə 3000 manat, ikinci proses üzrə isə 2000 manat cərimə tələb olunur».
Fikrət Fəraməzoğlu daha sonra qeyd edib ki, o, Rafil Hüseynovun konkret olaraq nəyə nail olmasını başa düşə bilmir. «Bu adam nə etmək istəyir, məlum deyil. Bəzən yadıma Çarli Çaplinin «Böyük şəhərin işıqları» filmi düşür. Orada varlı biri gecələk kef məclislərində sərxoş halda Çarlini özünün əzizi kimi görür, gündüzlər isə düşmən kəsilir. İndi Rafil Hüseynovun işi də buna bənzəyir. Gecələr barışıq üçün sifariş göndərir, gündüzlər məhkəməyə verir».

Baş redaktor onu da vurğulayıb ki, Masallı Məhkəməsinin hakimləri bütünlüklə Rafil Hüseynovun əmrində müntəzir dayanıblar. «Onlar hər vəchlə sifarişi yerinə yetirməyə çalışırlar. Və edirlər də. Başqa saytların və qəzetlərin yaydığı məlumatları istinadla verdiyimiz halda bizi mühakimə edirlər. Qanun bunlar üçün tualet kağızından daha dəyərsizdir. Rafil Hüseynova gəldikdə isə onu qismən ağıllı adam hesab edirdim. Amma proses göstərdi ki, bu məsələsində çox geridə qalıb».



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 139 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...