MTRŞ yenə ANS-i yıxıb-sürüdü: "Utansınlar..."
"ANS-in bəzi başbilənləri yenə öz amplualarındadır. Yol verdikləri səhvləri, qanun pozuntularını boyunlarına alıb, utanmaq, həya eləyərək "bir də olmaz" deyib cəmiyyətdən üzr istəmək əvəzinə, utanmadan Milli Televiziya və Radio Şurasını qınamağa başlayıblar. ANS ÇM-in direktoru saytlardan birinə deyib ki, matəm günü "nə etmək lazım olduğunu MTRŞ-dən soruşmaq istəyirdik, lakin orada heç kimi tapmadıq, heç kim cavab vermədi. Lap elə tutaq ki, MTRŞ qanun pozuntularını müşahidə edib. Bəs onda niyə dərhal həmin qurumların rəhbərlərinə zəng vurub bu barədə xəbərdar etməyib? Niyə bütöv bir gün gözləyib? Gözləyib ki, qanun pozuntuları davam etsin... Nə məqsədlə?"
GUNDEMİNFO.AZ "Report"a istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov deyib.
T.Dadaşov ANS ÇM-in rəhbərini qanunvericiliyin tələblərini bilməməkdə də ittiham edib: "Bir adam ki, neçə ildir radio direktorudur, amma hələ də radio haqqında qanunvericiliyin elementar tələblərini bilmirsə və bilməməyi bir yana, heç olmasa bunu pərdələməyə də cəhd eləmirsə, əksinə, danışdığı hər kəlməsində özünü biabır edirsə, beləsinə nə deyəsən? Məncə, ANS-in lap yuxarı rəhbərliyi bu açıqlamasında dediyi fikirlərə görə onu cəzalandırmalıdır. Çünki necə yəni, sən hələ öz sahəni tənzimləyən qanunları bilmirsən, bununla da radionun nüfuzuna xələl gətirirsən, radionu potensial maliyyə sanksiyaları ilə qarşı-qarşıya qoyursan. Hələ bir utanmadan da dövlət qurumunu ittiham edirsən? Deməli, gözləyirsən ki, MTRŞ sənə zəng edib hər dəfə qanunun bir maddəsini xatırlatsın? ANS-də TV və radio yayımı sahəsində qanunvericiliyi deyəsən hələ indi öyrənməyə başlayıblar. Çünki bu barədə kanalın hüquqşünası Şuranın iclasında özü demişdi. Demişdi ki, artıq treninqlərə başlamışıq... ANS-də treninq keçənlərdən xahiş edərdim ki, əsas treninqləri ANS ÇM-in direktoruna keçsinlər. Əslində, ANS ÇM radiosunun direktorunun belə özündən böyük danışmağında bizim də günahımız az deyil. Çünki gərək onun müdiri olduğu radioda yol verilən hər qanun pozuntusuna görə Şura 8 min cəza verəydi, onda bilərdilər dövlət qurumu ilə danışmağın tərzini. Yəqin həmin direktor hələ onu da bilmir ki, MTRŞ-nin reklam pozuntusuna görə cərimə eləmək səlahiyyəti var. Bilmirsə, ANS TV-nin proqram direktoru Sevda Həsənovadan soruşsun. ANS ÇM-in direktoru deyir ki, proqram setkasında dəyişikliyi 6 saata etmək mümkündür. Bəs, matəm rəsmən saat 13-də elan olunubsa (əslində AZTV matəmi saat 11.07-də elan etmişdi), setka niyə saat 19.00-a kimi dəyişilmədi və hətta saat 21-dək reklamlar yayımlanır və matəm günü ilə bağlı qanunun tələblərini pozulurdu? Məsələn, 106 FM və 106.3 radioları setkalarını dərhal qanuna uyğun şəkildə dəyişdilər. Onlar heç 6 saatlıq vaxt lazımdır bəhanəsini qoymadılar.
Digər tərəfdən, MTRŞ yayımçılarla keçirdiyi son toplantıda, məlum oduğu kimi, sərt qərar da vermədi, yalnız tövsiyə verməklə kifayətləndi. Yayımçıların "Günəşli" neft yatağının 10-cu platformasında baş verənləri işıqlandırarakən, cəmiyyəti məlumatlandırarkən çəkdiyi zəhməti, şou-proqramları dayandırmalarını və s. müsbət hal kimi dəyərləndirdi. Yəni, qurum situasiyanı nəzərə alıb yumşaq davrandı. Lakin bunun müqabilində dövlət qurumuna qarşı hörmətsizlik eləmək, yersiz ittihamlar irəli sürmək, nədənsə yalnız ANS-in ağlına gəldi. Amma eybi yox..."
1 225 dəfə oxundu