Öldürülən jurnalistin valideynləri ölkə başçısına müraciət etdi
Mərhum jurnalist Rasim Əliyevin valideynləri prezident İlham Əliyevə müraciət məktubu ünvanlayıblar.
Müraciətdə onlar övladlarının ölümünün səbəblərinin dəqiq və qərəzsiz araşdırılmasının təmin olunmasını xahiş ediblər: “Cənab Prezident! Bildiyiniz kimi, oğlumuz jurnalist Rasim Əliyev 8 avqust 2015-ci il tarixində bir qrup şəxs tərəfindən amansızcasına döyüldükdən sonra çoxsaylı xəsarətlərlə 1 saylı Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. 9 avqust 2015-ci ildə isə həmin xəstəxanada vəfat edib.
Ölüm faktı üzrə Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işi qaldırılaraq istintaq başlanılıb. İstintaq tədbirləri nəticəsində şübhəli şəxs qismində Cavid Hüseynov, Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyev saxlanılaraq barələrində həbs-qətimkan tədbiri seçilib.
10 dekabr 2015-ci ildə bu cinayət işi üzrə istintaq yekunlaşıb. Lakin istintaqın nəticələri bir valideyn kimi bizi narahat edir. Belə ki, bizim və şahidlər tərəfindən istintaqa təqdim olunmuş çoxsaylı faktlara baxmayaraq, həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə vəsatətimizə 21.12.2015 tarixində istintaq rədd cavabı verib. İmtinanın əsası kimi təqdim edilmiş sənədlərdə çoxsaylı ziddiyətlər var, hansılar ki, istintaq tərəfindən araşdırılmalı idi. Bu fakt bizi narahat etməyə bilməz.
Həmçinin dekabrın 22-də təqsirləndirilənlər Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126 .3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Şəhər Prokurorluğundan Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri üzrə təqsirləndirilən digər şəxs Cavid Hüseynova gəlincə isə, onun işi ayrıca icraata ayrılaraq məhkəməyə göndərilmək mərhələsindədir. Bu fakt bizi narahat edir və Cavid Hüseynovun prokurorluq tərəfindən müdafiə olunduğuna dair şübhələrimizi daha da artırır. Qanuna uyğun olaraq, əgər Cavid Hüseynov barədə cinayət işi üzrə icraat ayrılmalı idisə, bu, istintaq dövründə edilərək, bizlərə ayrıca iş kimi təqdim olunmalıydı.
Cənab Prezident, siz hadisə baş verdiyi zamandan etibarən bu işi öz şəxsi nəzarətinizə götürmüsünüz və bir qarant kimi sizdən xahiş edirik ki, oğlumuzun ölümünün səbəblərini dəqiq və qərəzsiz araşdırılmasını təmin edəsiniz”.
1 112 dəfə oxundu