Şəmsiyyə Bəylərqızı prezidentdən əfv istədi
“Cənab prezident, mənim Sizdən başqa sözümü deyəcəyim kimsəm yoxdur, 9 yaşlı oğlum küçələrdə qalıb, məni əfv edin”
4 ildən artıqdır həbsdə olan yazıçı-jurnalist Şəmsiyyə Bəylərqızı saxlanıldığı cəzaçəkmə müəssisəsindən redaksiyamıza telefon açaraq onun prezident İlham Əliyevə əfv müraciəti olduğunu bildirdi.
Şəmsiyyə Bəylərqızı dedi: “Çox hörmətli Cənab Prezident. Mən bu gün kimsəsi olmayan, yeganə doğmamı – anamı da türmədə olduğum zaman itirmiş bir qadınam. Mən keçmiş səfir, həyat yoldaşım olmuş, azyaşlı övladım Yılmazın atası Əfşar Süleymaninin əsassız bir iddiası ilə həbs edilmişəm. Kimsəsiz olduğumdan, anam həyatda olmadığımdan həbsxana divarları arxasından Əfv Komissiyası vasitəsi ilə şəxsən sizə yazılı müraciətimi çatdırmaq mümkün olmadı. Bu səbəbdən sizə telefonla danışmaq hüququmdan istifadə edərək, mətbuat vasitəsi ilə müraciət etməkdən başqa çıxış yolum qalmadı.
Mən 4 ildən artıqdır həbsxana divarları arasındayam, mənim əvəzimdən əfv yazacaq kimsəm də qalmayıb həyatda. Mənim sözümü deyə biləcəyim yeganə insan sizsiniz, Cənab Prezident. Mənim 9 yaşlı övladım illərdir küçələrdə qalıb. Məndən başqa onun kimsəsi yoxdur. Bu həyatda yeganə arzum övladımın təlim-tərbiyəsi ilə məşğul olmaq, onu vətənə layiqli övlad, əsgər kimi yetişdirməkdir. Sizdən bir ana, Azərbaycan vətəndaşı kimi xahiş edirəm, məni əfv edin”.
1 105 dəfə oxundu