Ermənistan rəhbərliyi sülhü dəstəkləmək əvəzinə münaqişəni qızışdırmağa çalışır - HESABAT

Ermənistan rəhbərliyi sülhü dəstəkləmək əvəzinə münaqişəni qızışdırmağa çalışır -
“Aparılan araşdırmalar nəticəsində əldə olunan və yaxın keçmişdə baş verən hadisələrə dair faktlar Ermənistan siyasi və hərbi rəhbərliyinin keçmişdə azərbaycanlılara qarşı törətmiş olduğu soyqırımı müasir dövrümüzdə davam etdirmə niyyətlərini açıq şəkildə ortaya qoyur”.

“Report” xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabatda əksini tapıb.

Qeyd olunub ki, XX əsrin əvvəllərində və sonlarında azərbaycanlılara qarşı törədilən cinayətlər XXI əsrdə də təkrarlanır və Ermənistan siyasi-hərbi rəhbərliyi bu siyasətin davam etdirilməsi üçün bütün imkanlarından istifadə edir.

Hesabatda diqqətə çatdırılıb ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin sülhü dəstəkləmək və regionda sülh yaratma prosesinə yardım etmək əvəzinə indiki və gələcək nəsillərin yaddaşında daha ağır yaralar açmaqla bu münaqişəni qızışdırmağa çalışması böyük təəssüf doğurur: “Ermənistan hakimiyyət nümayəndələrinin beynəlxalq humanitar hüququ heçə sayaraq insan hüquq və azadlığına qarşı hörmətsizlik və etinasızlıq göstərməsi hamımızı narahat etməlidir”.

Azərbaycanın Ombudsman təsisatı Ermənistan siyasi-hərbi rəhbərliyi tərəfindən etnik və dini zəmində münaqişələrə yol açan siyasəti qınayır, aidiyyəti beynəlxalq insan hüquqları qurumlarını, milli insan hüquqları institutlarını regionda yeni münaqişə ocaqlarının yaranmasına yol açan belə fəaliyyətlərin dayandırılması istiqamətində həmrəylik nümayiş etdirməyə çağırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
454 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...