“Ramiz Mehdiyevin kadrlarının əllərini kəssən, qaş-gözləriylə pul alacaqlar“ - Hafiz Hacıyev
Cəlilabadın icra başçısı Namiq Zeynalovun həbsi ilə bağlı xəbərlərin yayılması mətbuatın diqqətini yenidən rüşvətxor məmurların fəaliyyətinə yönəldib. Hazırda təkcə media deyil, siyasi partiyalar, müstəqil ekspertlər də bu müzakirələrə qoşulub.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Ramiz Mehdiyevin kadrları hakimiyyətin içərisində olduğu müddətcə vəziyyət bu cür davam edəcək:
“Mən bu barədə dəfələrlə demişəm və bu gün də öz fikrimdə qalıram. Onlardan sadəcə birinin həbs olunması azdır. Bunlara tövbə keçmir, əl-ayaqlarını kəssən, göz-qaşlarıyla pul alacaqlar. Təhlükəsizlik orqanları gecə-gündüz çalışırlar, amma onların köklərini kəsə bilmirlər. Bu proses həm də hökumət üzvlərinə sirayət etməlidir. Axı tək icra başçıları ilə iş həll olmur. Bu gün nazirlər var ki, ölkəni talan ediblər, mal-mülklərinin sayı hesabı yoxdur, hamısını aparıb xaricdə saxlayırlar. Bir çoxu xaricdə zavod tikmək istəyir. Bunların üstü açılmalı, hamısı uzaqlaşdırılmalıdır. Xalqın gözü qarşısında onlar cəzalandırılmalıdır. Müharibə dövründə biri də ordumuza dəstək göstərmədi”.
Hafiz Hacıyev korrupsiyaya qarşı mübarizənin davam etməli olduğunu vurğulayıb:
“Hökumətdə olanlanların əksəriyyəti rüşvətxor və cinayətkardır. Burada salamat bir adam tapmağa çalışsan, mümkün olmayacaq. Ramiz Mehdiyevin təyin etdiyi adamların çoxu vəzifədən kənarlaşdırılmalı, xalqdan oğurladıqları pul əllərindən alınmalıdır. Vətən müharibəsi dövründə də onlar çirkin əməllərindən əl çəkmədilər. Artıq islahat dalğası mütləq şəkildə hökumətə keçməlidir. Nazirlər, komitə sədrləri, şirkət rəhbərləri arasında təmizləmə işləri aparılsın. Neçə illərdir özləri, övladları ölkəni yeyirlər. Onlar təcili şəkildə həbs olunmalıdır. Çünki sərbəst buraxılanlar vətənə xəyanət edir. Məsələn, Ziya Məmmədov vəzifədən uzaqlaşdırıldı, dərhal vətənə xəyanət elədi. Səlim Müslümov da onun kimi... Onlar bu gün də ermənilərin Qarabağdan çıxarılmasını həzm edə bilmirlər, provokasiya ilə məşğuldurlar. Beşinci kolon prezidentə qarşı antikoalisiya yaradıb. Ona görə də həbslər genişlənməlidir. Həsən Əliyev küçəsindəki villaların monitorinqi keçirilməlidir. Kimlərindirsə, həmin şəxslərin orta aylıq əmək haqqı hesablanmalı və xalqa göstərilməlidir ki, onlar 20-30 il ölkəni talan ediblər. Bir sözlə, proses davam etməlidir. Davam etməsə, nəticə pis olacaq”.
519 dəfə oxundu