Rus sülhməramlıların Qarabağda xəritə oyunu...

Rus sülhməramlıların Qarabağda xəritə oyunu...

Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilməsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurub.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kimin verdiyini sual edir.

Xəritələrlə manipulyasiya və sülhməramlıları tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir. Məsələ burasındadır ki, sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Buna görə də, Rusiya sülhməramlıları fəaliyyətini öz öhdəliklərinə uyğun qurmalıdırlar.

Ancaq Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə ölən və yaralananlar var. Azərbaycan isə bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir. Əgər yeni hallar baş verəcəksə, Azərbaycan tərəfi adekvat addımlar atacaq.

Rus sülhməramlıların Qarabağda xəritə oyunu...


Buna görə də Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritə qeyri-realdır və ona qısa zamanda düzəliş edilməsinə ehtiyac var.

Rusiya tərəfi yaxşı bilir ki, bu ölkənin sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub. Baş verən yeni hallar isə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan müəyyən etimad limitini əsaslı şəkildə sarsıdır.

Azərbaycan ictimaiyyəti müharibə dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını yaxşı xatırlayır. Azərbaycan xalqı Gəncə, Bərdə və Tərtər şəhərlərinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu da yaxşı bilir.

Bu səbəbdən Rusiyada müəyyən qüvvələr Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planları Azərbaycanda təkrarlamağa cəhd göstərməməlidirlər. Görünür, Rusiyada müəyyən dairələr dekabrın 10-da Bakıda keçirilmiş Qələbə paradında Rusiyanın Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan Ordusu tərəfindən götürülmüş və ya məhv edilmiş texnikanın nümayişini həzm edə bilmir. İstisna deyil ki, həmin dairələr Qələbə paradında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakından da bərk qıcıqlanıblar. Rusiya istər Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, istərsə də bu regiondakı fəaliyyətində Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır.

Rusiyada bəzi dairələr anlamalıdırlar ki, ənənəvi qaydada, digər ölkələrə qarşı olduğu kimi, Azərbaycandan da ixrac edilən kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq olunması və bunun olduqca bəsit şəkildə sanitar-epidemioloji tələblərlə pərdələnməsi süni şəkildə əngəl yaratmaqdan bir şey deyil. Azərbaycan ictimaiyyəti bunu görür və başa düşür. Bu isə Azərbaycanda anti-Rusiya meyllərinin daha da güclənməsinə səbəb olur.

Hər halda Rusiyada müəyyən qüvvələr başa düşməlidirlər ki, Azərbaycana qarşı atılan hər bir addımın acısını Ermənistan çəkəcək. Eyni zamanda Bu proses son nəticədə Rusiyanın Azərbaycandakı imicinə böyük zərbə olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...