“Qısa zamanda separatçı rejim Qarabağdan qovulacaq”

“Qısa zamanda separatçı rejim Qarabağdan qovulacaq”
“Qısa zamanda separatçı rejim Qarabağdan qovulacaq”

Separatçıların Dağlıq Qarabağdakı ordusunun buraxılması ilə bağlı məsələ Ermənistanda ciddi müzakirə olunur. Erməni politoloqlar iddia edir ki, Nikol Paşinyan və Arayik Harutyunyan Ermənistan cəmiyyətini bu qərara hazırlayır.

Maraqlıdır, separatçıların qanunsuz silahlı birləşmələrini tezliklə Azərbaycan ərazisindən çıxarması mümkün olacaqmı?

Hərbi ekspert Şair Ramaldanov Yenisabah.az-a açıqlamasında bildirib ki, Azərbaycan ərazisində Azərbaycan dövlətinə tabe olmayan heç bir silahlı qüvvə qanuni sayıla bilməz:

“Bu məsələ bəyanatda da öz əksini tapıb. Bircə sülhməramlı qüvvələrlə bağlı razılıq var. Separatçı rejimin silahla olub-olmamasına gəldikdə isə bu məsələnin müzakirə predmeti olmadığını deyə bilərəm. Çünki artıq məsələ bəyanatda əks olunub, təbii ki, separatçı rejim tərksilah olunmalıdır. Çünki hər bir silahlı şəxs təhlükə, təxribat mənbəyidir. Müəyyən qüvvələr bundan istifadə edib və hazırda da edir.

Azərbaycan 70 nəfərədək ermənini tərksilah edib, artıq quldurluq maddəsi ilə onlara cinayət işi qaldırılıb. İstər Ermənistanda olan daxili proseslər, istər separatçı rejimin rəhbərinin tutduğu mövqe sülhün bərqərar olmasına doğru yox, məsələlərin daha da gərginləşməsinə istiqamətləndirilib. Biz onları görürük. Azərbaycan ərazisinə Qaragin Nijdenin heykəlinin qoyulması da buna nümunədir.

Həmçinin yolların mütəmadi olaraq ermənilər tərəfindən bağlanmasını, bizim yüklərin buraxılmamasını, Ermənistandan Dağlıq Qarabağa aidiyyəti olmayan əhalinin sayı çox olsun deyə köçürülməsini də nümunə kimi göstərə bilərik. Çünki bilirlər ki, Azərbaycan bir müddət bərpa prosesi aparacaq. Azərbaycan əhalisinin evlərinə qayıtması müddət tələb edəcək”.

Ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin müdrikliyi bu monitorinq qrupunun yaradılmasında, Türkiyənin monitorinq qrupunun bir üzvü olmasında mühüm rol oynayıb:

“Türkiyənin iştirakı ilə bu monitorinq qrupu yaradılanadək-qısa bir zamanda Azərbaycanın maraqlarına zidd olan addımlar atıldı və biz bunun şahidi olduq. Məsələn, Ermənistan xarici işlər naziri torpağımıza gəldi. Qardaş Türkiyə gələnədək onlar sülhün bərqərar olmasına, Azərbaycan maraqlarının təmin edilməsinə xidmət etmirdi. Amma monitorinq qrupu yaradılandan sonra Azərbaycanın haqlı mövqeyi və beynəlxalq normalar çərçivəsində tələblərinin yerinə yetirilməsi ilə bağlı işlər görülüb. Azərbaycan sülhün bərqərar olmasını, milliyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan vətəndaşların təhlükəsizliyi təmin edilməsini istəyir”.

Həmsöhbətimiz separatçıların tərksilah edilməsinin çox vacib bir məsələ olduğunu diqqətə çatdırıb:

“İndiyədək Rusiya sülhməramlıları vasitəsilə buna nail olmaq mümkün olmadı. Amma Türkiyənin monitorinq qrupunda özünə yer alması bu məsələnin reallaşmasına xidmət etdi. İlk günlərdən artıq biz müəyyən dəyişikliklərin baş verdiyini görürük. Düşünürəm ki, qısa zamanda separatçı rejim ya Azərbaycan qanunlarına riayət edəcək, ya da oradan qovulacaq. Çünki separatçı qüvvələrin orada olması prosesləri müəyyən şəkildə gecikdirməyə xidmət edir. O rejimin rəhbərləri heç vaxt bu məğlubiyyətlə barışmayacaq. Onlar həmişə onun-bunun əlində vasitə olublar. Ortada separatçı rejimin rəhbərinin məsuliyyətə cəlb edilməsi məsələsi də var. Qardaş ölkənin monitorinq qrupunda təmsili bu proseslərin həllinə xidmət edəcək. Məntiqlə baxdıqda Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Bu, o deməkdir ki, Azərbaycanın hər bir nöqtəsində Azərbaycan qanunları işləməlidir. Monitorinq qrupu buna xidmət etməli, sülhməramlıların işini bu istiqamətdə nəzarətdə saxlamalıdır və hazırda bunu edirlər, biz görürük. Artıq ağır texnikalar çıxarılır. Bundan sonra gedən proseslər Qarabağda sülhün bərqərar edilməsinə xidmət edəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
501 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...