Azərbaycanla Türkiyə konfederasiya halında birləşməlidir

Azərbaycanla Türkiyə konfederasiya halında birləşməlidir
44 günlük Vətən müharibəsi iki qardaş ölkənin birgə hərəkət edəcəyi təqdirdə, qarşılarına çıxan bütün əngəlləri dəf etmək iqtidarında olduqlarını sübuta yetirdi

Yəqin razılaşarsınız ki, 44 günlük Vətən müharibəsi ortaq dilə, dinə, soy kökünə, tarixə, mədəniyyətə və adət-ənənəyə malik olan, həmçinin siyasi, iqtisadi və hərbi maraqları üst-üstə düşən iki qardaş ölkənin birgə hərəkət edəcəyi təqdirdə, qarşılarına çıxan bütün əngəlləri dəf etmək iqtidarında olduqlarını sübuta yetirdi. Odur ki, bütün bunlar, eyni zamanda Azərbaycanla Türkiyə arasında tək şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişin təmin olunması artıq “bir millət, iki dövlət” formatından “bir millət, bir dövlət” formatına keçməyin zəruriliyini ortaya qoyur. Heç kimə sirr deyil ki, bu gün həm Azərbaycanda, həm də Türkiyədə siyasilər, elm və incəsənət adamları, media nümayəndələri və digər təbəqədən olan şəxslər arasında bu ideyanı dəstəkləyən kifayət qədər insan var. Onlardan biri də Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur. “Hürriyyət”in daimi oxucularına bəllidir ki, ADP sədri qəzetimizə verdiyi müsahibə və açıqlamalarında mütəmadi olaraq sözügedən mövzuya toxunur, Azərbaycanla Türkiyənin konfederasiya halında birləşməsinin vacibliyini önə çəkir. Belə ki, yaranacaq Türk Konfederasiyasının Türkiyə və Azərbaycanın hər birindən ayrılıqda böyük olacağını qeyd edən Sərdar Cəlaloğlu hesab edir ki, hazırda iki qardaş ölkənin konfederativ əlaqəyə girməsini, vahid ordusunun olmasını və ortaq xarici siyasət aparmasını əngəlləyəcək heç bir maneə yoxdur. Onun fikrincə, bu konfederasiyanın Aralıq, Qara və Xəzər dənizlərinə nəzarət etmək imkanı olacaq və Türk Konfederasiyası sayəsində həm Azərbaycanın, həm də Türkiyənin iqtisadi imkanları qeyri-adi dərəcədə yüksələcək. Yeni dünya düzənində dövlətlərin yenidən qruplaşacaqlarını vurğulayan partiya sədrinin sözlərinə görə, Türkiyə ilkin mərhələdə Azərbaycanla, daha sonra isə digər türk dövlətləriylə konfederasiya halında birləşməklə “dünya beşdən böyükdür” ideyasına uyğun olaraq altıncı böyük gücə çevrilə bilər.

“Azərbaycan Türkiyə ilə konfederasiya halında birləşərsə, müstəqilliyini itirə bilər” deyənlər tamamilə yanılırlar

Bu arada, onu da nəzərinizə çatdırım ki, konfederasiya heç də hər hansı dövlətin müstəqilliyin itirilməsi anlamına gəlmir. Belə ki, konfederasiya müstəqil qurumlar və təşkilatlar tərəfindən, suverenliklərini mühafizə etmək şərtiylə, ortaq və məhdud mənfəətlərini təmin etmək məqsədilə müəyyən müqavilə ilə qurulan birliklərdir. Yəni bu gün öz müstəqilliyini saxlayaraq təhlükəsizlik, xarici siyasət, ekologiya və s. məsələlər üzrə fəaliyyətlərini uzlaşdırmaq məqsədi ilə birləşən dövlətlər var ki, bu dövlətlərin yaratdığı ittifaq konfederasiya adlanır. Bir sözlə, konfederasiyaya daxil konfederasiyon təşkilat və quruluşlar istər xarici, istərsə də daxili baxımdan tam mənasıyla öz hakimiyyətlərinə sahibdir. Odur ki, “Azərbaycan Türkiyə ilə konfederasiya halında birləşərsə, müstəqilliyini itirə bilər” deyənlər tamamilə yanılırlar. Məsələn, Avropa İttifaqının özü müasir konfederasiyanın bariz nümunəsidir və bu birlikdə təmsil olunan ölkələrin hər biri müstəqil, suveren dövlətdir. Avropa İttifaqında bəzi məsələlərin birliyin ümumi institutları, bəzilərinin isə üzv dövlətlərin nümayəndələrinin razılığı ilə qəbul edilməsi konfederasiya halında birləşmənin ölkələrin müstəqilliyə xələl gətirmədiyini əyani surətdə sübuta yetirir. Bu, həm də “bir millət, iki dövlət” formatından “bir millət, bir dövlət” formatına keçməyin təhlükəli olmadığını, əksinə həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına xidmət etdiyini təsdiqləyir.

“Orta Asiyanın türk dövlətlərini özündə birləşdirəcək, Avropa İttifaqı tipində təşkilatın qurulması üçün əvvəlcə Bakı-Ankara ittifaqı yaradılmalıdır”

Yeri gəlmişkən, tanınmış iş adamı, Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının sədri, professor İlham Rəhimov da bu qənaətdədir ki, “bir millət, iki dövlət” anlayışı artıq “bir millət, bir dövlət” səviyyəsinə qaldırılmalıdır. Bu barədə Türkiyənin Anadolu Ajansında yayımlanan və worldmedia.az-ın tərcümə etdiyi məqalədə deyilir ki, professor Orta Asiyanın türk dövlətlərinin də daxil olacağı, Avropa İttifaqına bənzər təşkilatlanma üçün əvvəlcə Bakı-Ankara ittifaqının yaradılmasının zəruri olduğunu vurğulayıb. Türkiyə ilə Azərbaycan arasında iqtisadi, hərbi və siyasi əməkdaşlığın yüksək səviyyədə davam etdiyini xatırladan İlham Rəhimov bu münasibətin region ölkələri üçün model ola biləcəyini də qeyd edib. O, hesab edir ki, iki qardaş ölkə arasında hərbi, siyasi və iqtisadi əlaqələr son dərəcə sıx olsa da, bu əlaqələri “bir çətir altında” birləşdirəcək formata ehtiyac var. Professorun sözlərinə görə, belə bir təşkilatın yaradılacağı təqdirdə, digər türk dövlətlərinə də bu quruma qoşulmaları təklif oluna bilər: “Orta Asiyanın türk dövlətlərini özündə birləşdirəcək, Avropa İttifaqı tipində təşkilatın qurulması üçün əvvəlcə Bakı-Ankara ittifaqı yaradılmalıdır. Beləliklə, ikitərəfli münasibətlər maksimum dərinləşdirilə bilər. Düşünürəm ki, alimlər, siyasətçilər, dövlət adamları gələcəkdə belə bir təşkilatın yaradılması üçün ittifaq modelləri haqda müzakirələrə başlamalıdırlar. Biz “bir millət, iki dövlət” deyirik. Amma hələ də bu şüarı dəstəkləyən təşkilat, qurum yoxdur. Nəticədə Azərbaycandan fərqli olartaq, Orta Asiyanın türk dövlətləri Rusiya tərəfindən qurulmuş hərbi-siyasi, iqtisadi birliklərdə yer alır”. Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın Türkiyə ilə yaxınlaşmasının Rusiya tərəfindən heç də xoş qarşılanmadığını deyən iş adamı bildirib ki, Qarabağ zəfərindən sonra bu yaxınlaşmanın əngəllənməsinin mümkün olmadığını hər kəs dərk edib.

Nəhayət, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Rusiya xofunu dəf edib Türk Birliyinin qurulması istiqamətində konkret addımlar atmalıdırlar

Beləliklə, professorun sözlərindən bu qənaətə gəlmək olar ki, bir neçə il öncəyə qədər xəyal kimi görünən, lakin artıq reallığa çevrilmək üzrə olan Türk Birliyinin – Turanın formalaşdırılması, Orta Asiyanın türk dövlətlərini Rusiyanın təsir dairəsindən çıxarmaq üçün ilk növbədə, Azərbaycanla Türkiyə arasında ittifaq yaradılmalıdır. Bu ittifaq isə ADP sədri Sərdar Cəlaloğlunun təklif etdiyi konfederasiya modelidir.

Düzdür, bu gün əksər türk dövlətlərinin təmsil olunduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası mövcuddur. Lakin bu şuranın adı kimi, fəaliyyəti də arzusunda olduğumuz birliyin qurulması üçün qənaətbəxş deyil. Belə ki, “türkdilli ölkələr” kəlməsi “türk dövlətləri” sözü ilə oxşarlıq təşkil etsə də, əslində bu ifadələrin arasında məna baxımından ciddi fərq var. Məhz bu səbəbdən də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı Türk Dövlətləri Təşkilatı ilə əvəzlənməlidir. Şuranın fəaliyyətinə gəlincə, Azərbaycan və Türkiyəni çıxmaq şərtiylə, qurumda təmsil olunan digər ölkələr Avropa İttifaqına bənzər Türk Birliyinin qurulmasına bir o qədər də ciddi maraq göstərmirlər. Bəzi ekspertlər iddia edirlər ki, bu, həmin ölkələrin avtoritar rejimlə idarə olunması ilə əlaqəlidir. Halbuki, əsl səbəb məhz Kremldən gələ biləcək mümkün təhlükələr, yəni Rusiya qorxusudur. Heç kimə sirr deyil ki, SSRİ-ni bərpa etmək arzusuyla alışıb-yanan və bu yolla adını tarixə həkk etməyə çalışan Vladimir Putin hakimiyyətə gəldiyi andan etibarən qarşısına qoyduğu məqsədə çatmaq üçün bir sıra addımlar atıb. Avrasiya İttifaqı və “Rus NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bunun bariz nümunəsidir. Odur ki, bu gün Türk Birliyinin qurulmasının qarşısında duran əsas əngəl, daha doğrusu təzyiq və təsirlər vasitəsiylə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın qarşısında sədd çəkən yeganə qüvvə imperialist siyasət yürüdən və əksər hallarda bunu aşkaranə şəkildə nümayiş etdirən Rusiyadır. Lakin hazırda Rusiya heç də təqdim olunduğu, yəni vahimə yaradacaq qədər güclü deyil. 44 günlük Vətən müharibəsi zamanı Rusiya silahlarının, ziherli texnikaların, hava hücumundan müdafiə sistemlərinin Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-ları qarşısında aciz duruma düşməsi bunun əyani sübutudur. Bu səbəbdən də nəhayət, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Rusiya xofunu dəf edib Türk Birliyinin qurulması istiqamətində konkret addımlar atmalıdırlar. Əks halda, hələ uzun müddət Kremlin qapazaltısı olmağa məhkumdurlar!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
521 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...