Deputat Göyçə mahalına getmək istəyir
Azərbaycan xalqı Qələbədən sonra, itirilən bütün tarixi torpaqlara yeni nəzərlərlə baxır. Zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər.
Oxu.Az-ın məlumatına əsasən, bunu parlamentin iclasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
“Ölkə rəhbərinin ustad Ələsgərin 200 illik yubileyinin keçirilməsinə dair sərəncamında deyilir: “Azərbaycanlıların əzəli yurdu Göyçə mahalında Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst ermənilər tərəfindən dağıdılsa da milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş o irs yaşamaqdadır”, - deyə Z.Oruc əlavə edib.
Millət vəkili qeyd edib ki, indi 30 illik ayrılıqdan sonra çoxəsrlik tarixi irsin və milli yaddaşın daşıyıcıları olan minlərlə Göyçə sakini müdafiə nazirinə və Qarabağda sülhyaradıcı missiyaya rəhbərlik edən Rüstəm Muradova müraciət ediblər.
“Son üç ayda azad olunan ərazilərin mədəni irsini, dini abidələrini qorumaq adı altında ölkəmizə münasibətini 180 dərəcə dəyişən UNESCO-dan fərqli olaraq, göyçəlilər doğulduqları yurdları yalnız insani duyğularla ziyarət etmək istəyirlər. Rusiya hərbi qüvvələri mandatlarına uyğun olaraq, erməni keşişlərinin Xudavəngə - Kəlbəcər yurduna gəlişinə bələdçilik edirlər. Halbuki ziyarətçilər içərisində rahib libası altında rütbəli zabitlərin olduguna şübhə yoxdur. Lakin Azərbaycan bundan narahat deyil. Rusiya hərbi kontingenti son üç ayda bölgədə 1 419 hektar ərazini, 443 km yolu, 1 361 evi 24 453 partlayıcıdan təmizləyib. Təqdir olunacaq hadisədir. Bizim üçün müqəddəs olan torpaqlara ruzi-bərəkət deyil, minalar əkən “qədim bir xalq”ın nazirləri Ermənistandan Xankəndinə qanunsuz və təhlükəli yollarla gəldikləri halda on minlərlə irəvanlı, göyçəli, zəngəzurlu qanuni və minasız yollarla öz tarixi yurdlarına baş çəkmək istəyirlər. Mən parlament üzvü kimi, Göyçə mahalına, sonra Abbasqulu bəyin yurduna getmək istədiyimi rəsmən bəyan edirəm. Qoy UNESKO öz nizamnaməsinə sadiq qalaraq, bizim və soydaşlarımızın da əcdadlarının irsinə dönüşünü təmin etsin! Yeri gəlmişkən, belə müraciətlərin sayı getdikcə artır. Onsuz da sərhədin o biri tərəfində də Rüstəm Muradovun həmkarları keşik çəkir”.
Deputat qeyd edib ki, əgər humanitar çözüm yolları axtarırlarsa, bizim vətəndaşlarımızın müraciətlərini də təmin etmək siyasi balans yaradardı.
“Ermənilər bizim qayıdacağımıza əmin olduqları üçün, özlərinin olmayan torpaqlara minalar basdırmağı rəva bilib. Bizimkilər isə Göyçəni, Zəngəzuru əzəli torpaqları bildiyi üçün minalamayıb və ora xoş niyyətlə qayıtmaq istəyir. İndi 100 minlərlə azərbaycanlının pasportunda doğulduqları yer qrafasında bir söz yazılıb-indiki Ermənistan!”, - deyə Z.Oruc fikrini yekunlaşdırıb.
931 dəfə oxundu