“Rus bazası çıxarılır, Ankara və Bakı ilə...” - Paşinyanın inanılmaz planı
“Ermənistan Cənubi Qafqazda ABŞ və Rusiyanın maraqlarının toqquşduğu meydana çevrilir”.
Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun fikrincə, bu meydanda Qərbi təmsil edən Baş nazir Nikol Paşinyanla Rusiyanı təmsil edən müxalifət və Baş Qərargah arasında davam edən siyasi qarşıdurmanın həlledici məqamı dünən başa çatıb:
“Paşinyan dünən İrəvanda çoxminli mitinq keçirməklə revanşist müxalifəti fiaskoya uğratdı. Bununla bir daha erməni cəmiyyətinin Köçəryan və Sərkisyanın hakimiyyət yolundakı əsas maneələrindən biri olduğu təsdiqləndi. Qənaətimə görə, Paşinyan bununla həm də hərbi çevriliş təhlükəsindən sığortalandı. Bundan sonrakı prosesdə Paşinyanı devirmək istəyən Baş Qərargah, Köçəryan və Sərkisyanın geri çəkiləcəyini görə bilərik. Hesab edirəm ki, mövcud vəziyyət Paşinyanın xeyrinədir. Xalq onun hakimiyyətdə qalmasında maraqlıdır. Əgər hərbi çevrilişə növbəti dəfə cəhd olsa, ölkədə vətəndaş qarşıdurması qaçılmaz olacaq. Buna baxmayaraq, Paşinyan hakimiyyəti əldən verməyəcək.
Hazırda Ermənistanda Paşinyana alternativ yoxdur. Kreml də bunu başa düşür və tədricən geriyə doğru addım atmağa başlayacaq. Gedişatın ahənginə uyğun olaraq, Paşinyanı qiyamla hədələyən qərargah rəisi Onik Qasparyan postundan uzaqlaşdırılacaq. Qasparyanın hakimiyyəti dəyişmək şansı sıfıra bərabərdir”.
Məhəmməd Əsədullazadə düşünür ki, Paşinyan müxalifəti ram etdikdən sonra Köçəryan və Serj Sərkisyanı həbsə göndərəcək:
“Baş qərargah rəisinin həbsi də mümkündur.
Hesab edirəm ki, Paşinyan özünün və hakimiyyətinin tam təhlükəsizliyini təmin etdikdən, revanşist qüvvələri zərərsizləşdirdikdən sonra Azərbaycan və Türkiyə ilə əməkdaşlığa getməyə çalışacaq. Paşinyanın güclənməsi Rusiyanın bu ölkədəki mövqelərinin zəifləməsi deməkdir. Paşinyanın müəyyən müddətdən sonra Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılması da gündəmə gələ bilər. Paşinyanın gələcək hədəflərində Rusiya yoxdur. Ermənistanda baş verən son proseslər Paşinyanın Rusiya qarşısındakı manevr imkanlarını genişləndirir.
Hesab edirəm ki, Paşinyan Qarabağla bağlı Azərbaycanla qarşıdurmaya getməkdə maraqlı deyil. Azərbaycan da Paşinyanın hakimiyyətdə qalmasında maraqlı olmalıdır. Belə bir marağı Türkiyə də göstərə bilər.
Qeyd edim ki, hazırda Paşinyanı ciddi şəkildə müdafiə və mühafizə edən ABŞ-ın İrəvandakı səfirliyidir və son proseslər oradan idarə edilir. Ermənistanın Baş Qərargahı isə Rusiyanın Gümrüdəki hərbi bazasından təlimat alır”.
751 dəfə oxundu