“Azərbaycan UNESCO missiyasını qəbul etməyə hazırdır” - Hikmət Hacıyev

“Azərbaycan UNESCO missiyasını qəbul etməyə hazırdır” -

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin UNESCO-nun Baş direktoru Odre Azule ilə telefon danışığının davamı olaraq, 2021-ci ilin 15 fevral və 16 mart tarixlərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev UNESCO-nun Baş direktorunun ofisinin rəhbəri Nikolas Kassionides ilə video-konfrans formatında görüşlər keçirib.

APA-nın məlumatına görə, görüşlərdə Azərbaycanın “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə” 1954-cü il Haaqa Konvensiyasına uyğun olaraq işğaldan azad olunmuş ərazilərə dəvət etdiyi UNESCO missiyası ilə bağlı müzakirələr aparılıb.

Azərbaycanın UNESCO ilə əməkdaşlığa böyük önəm verdiyini, konstruktiv dialoqa həmişə açıq olduğunu qeyd edən Hikmət Hacıyev sonuncu video-görüşdə işğaldan azad olunmuş Azərbaycan ərazilərində mədəni və dini abidələrə vurulmuş zərərin qiymətləndirilməsi üçün ölkəmizin UNESCO missiyasını qəbul etməyə hazır olduğunu bir daha ifadə edib.

H. Hacıyev Ermənistanın 30 ilə yaxın işğal dövrü ərzində həmin ərazilərdə Azərbaycan xalqının mədəni və dini irsinə qarşı törətdiyi vandalizmin miqyasının dəhşətli olduğunu bildirib.

Görüş əsnasında Prezidentin köməkçisi Azərbaycanın mədəni və dini abidələrin qorunması sahəsində nümunəvi təcrübəyə malik olduğunu, ölkəmizin beynəlxalq səviyyədə mədəni-dini abidələrin bərpasına töhfə verdiyini qeyd edib.

O, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu yaxınlarda Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin daxil olduğu nümayəndə heyətinin Vatikanda səfərdə olduğunu və səfər çərçivəsində Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsinin imzalandığı haqqında məlumat verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
808 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...