Qarabağdakı sülhməramlıların mandatı yoxdur... - Sabiq nazir

Qarabağdakı sülhməramlıların mandatı yoxdur... -
"Sülhməramlı qüvvələrin və müşahidəçi missiyasının (SQD və MM) fəaliyyəti ilə bağlı bir çox iradlar var”.

Qaynarinfo xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfuqarov deyib. Onun sözlərinə görə, heç kim sülhməramlıların səlahiyyətləri və vəzifələrinin nədən ibarət olması ilə bağlı suala cavab vermir:

"Beynəlxalq təcrübə bu məsələləri tənzimləyən xüsusi bir sənədin mövcudluğunu nəzərdə tutur – bu mandatdır. Bu mandat missiyanı qəbul edən ölkə ilə razılaşdırılır və daha sonra Anlaşma Memorandumu imzalanır ki, bu da hüquqi cəhətdən razılığın verilməsi deməkdir. Bundan sonra missiyaya dəstək olaraq ya BMT Təhlükəsizlik Şurasının qətnaməsi, ya da Təhlükəsizlik Şurası Prezidentinin Bəyanatı qəbul edilir. Daha sonra, ölkənin daxili qanunvericiliyinə uyğun olaraq, bir qayda olaraq Parlament tərəfindən təsdiqlənir.

Ölkəmizdə həm hökumət, həm də ictimaiyyət və müxalifət tərəfindən sülhməramlı qüvvələrin və müşahidə missiyasının fəaliyyətinə iradlar səslənir. Lakin 10 noyabrdan sonra bu, olduqca vacib olan məsələni səmərəli istiqamətə yönəltmək məqsədilə məsləhətləşmələr prosesini başlamaq üçün qanunauyğun və məqsədə müvafiq addımlar atılmır.

Belə ki, mandatın işlənməsi məsələsinə dair Azərbaycan, Rusiya və Türkiyə arasında danışıqlar hələ başlamayıb.

Bəlkə də mandatın mətninin Milli Məclisdə müzakirəsinə başlamaq məqsədəuyğundur, çünki bu ictimai müzakirə zamanı cəmiyyət üçün məqbul variantın parametrlərini müəyyənləşdirmək olardı.

İctimai müzakirənin özü, qanuni cəhətdən məcburi xarakter daşıyan mətn üçün əsas olacaq ictimai gözləntilərin çərçivəsini müəyyənləşdirərdi.
Dumanlı, hüquqi qeyri-müəyyənlik Vətən Müharibəsi dövründə cəmiyyətin və hakimiyyətin birliyinin qazandığı siyasi təşəbbüsün itirilməsinə şərait yaradır...”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
631 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...