“Prius”lar üçün son 15 GÜN – Taksilərlə bağlı durum NƏ YERDƏDİR?

“Prius”lar üçün son 15 GÜN –
Xəbər verdiyimiz kimi, bir neçə ay əvvəl “Avtomobil nəqliyyatı haqqında” Qanuna müəyyən dəyişikliklər edildi. Edilən dəyişikliklərdən sonra Nazirlər Kabineti yeni qaydalar hazırladı.

Sözügedən 1 iyun 2024-cü ildə qüvvəyə minəcək. Qanunun qüvvəyə minməsinə 2 həftədən bir qədər çox vaxt qaldığı halda, artıq taksi sayında azalma nəzərə çarpır. Paytaxt sakinləri və turistlər gileylənirlər ki, son 1 ayda sifarişlər çox ləng icra olunur. Əgər əvvəl taksilər sifariş anından 2-3 dəqiqə sonra ünvana yaxınlaşırdısa, indi taksilər 9-10 dəqiqə gec gəlir. Pik saatlarda isə bu yarım saata qədər uzanır.

Azalma nə ilə bağlıdır?

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, taksi qıtlığı yaranan ajiotajla bağlıdır:

“Artıq bir çox avtomobil sahibi yeni qaydalara görə maşınlarını satışa çıxarıb. Digər səbəbsə ondan ibarətdir ki, onlayn taksi xidməti göstərən şirkətlər köhnə taksi sahiblərinə xəbərdarlıq edib, iyunun 1-dən etibarən onlarla işləməyəcəklərini bildiriblər. Ona görə də köhnə taksilər artıq şəhərdən yığışır”.

Akif Nəsirli hesab edir ki, növbəti aydan taksi azlığı daha çox hiss olunacaq:

“Çünki yeni qaydalar kifayət qədər sərtdir. Bu qaydalara əməl etmək bir o qədər də çətindir. Məsələn, yeni qaydalarda qeyd edilir ki, istehsal yaşı 15-dən az olan avtomobillər taksi kimi fəaliyyət göstərə biləcək. Bunun ardınca da deyilir ki, qanunvericiliyə görə, taksilər üçün buraxılış kartı 7 il müddətinə verilir. Bu da o deməkdir ki, avtomobilin istehsal tarixi 8 ildən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin.

Bundan əlavə taksilər üçün yalnız iki - qırmızı və ağ rənglərin tətbiq olunması da xeyli çətinlik yaradır. Axı, bir avtomobili bütünlüklə rəngləmək 3-4 min manata başa gəlir. Bundan əlavə, bu vaxtadək taksi kimi istifadə edilən əksər avtomobillər həm də kimlərinsə gündəlik sürdüyü maşınlar idi. Ona görə davamlı taksi fəaliyyəti ilə məşğul olmayan avtomobil sahiblərinə rəng dəyişməsi sərf etmir”.

Müsahibimiz əlavə etdi ki, yeni qaydalarda bir çox şərtlər var:

“Taksilərin salonunda videokameralar olmalıdır. Taksilərdə nağdsız ödəniş üçün POS-terminal, taksometr və ya dijital ödəniş vasitəsi – mobil telefon proqramı olmalıdır. Taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdır. Hətta hər gün tibbi müayinədən keçməlidirlər. Bu tələbləri yerinə yetirməksə, xeyli vəsait tələb edir. Ona görə də taksi sahibləri avtomobillərini dəyər-dəyməzinə satır. Nəticədə, taksi qıtlığı yaranır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
234 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...