Qızılca yenə can aldı - Virus Azərbaycandan nə vaxt “çıxacaq”?

Qızılca yenə can aldı -
Həkim: “Qızılca ilə bağlı vəziyyət hələ ki stabilləşməyib, çünki...”

Qızılca virusu daha bir can alıb. Bu dəfə Hacıqabulda. Rayonun 6-cı sinif şagirdi xəstəlikdən həyatını itirib. Musavat.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Məlumata görə, şəhərin F.Süleymanov adına 3 nömrəli tam orta məktəbinin Vl sinif şagirdi Aylin Səmədli dünyasını dəyişib. Onun qızılcaya yoluxduqdan sonra səhhətinin pisləşdiyi bildirilib. Qeyd edək ki, artıq bir neçə aydır qızılca ilə bağlı modul tipli xəstəxanalara xeyli insanın yerləşdirildiyi bildirilir. Yoluxanların statistikası ilə bağlı suala isə TƏBİB-dən deyilir ki, qızılca xəstələrinin sayı daim dəyişkəndir, o səbəbdən də bu barədə məlumat verə bilmirlər.

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2022-ci ildə qızılcaya yoluxma, sadəcə, 1 nəfərdə qeydə alınıbsa, 2023-cü ilin yanvar-noyabr ayları arasında bu say 1493-ə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə isə 2023-cü ilin noyabr ayı ərzində Azərbaycanda 2919 nəfər qızılca xəstəliyinə yoluxub. Maraqlıdır ki, DSK-nın təqdim etdiyi məlumatla ÜST-nin verdiyi məlumat arasında kəskin fərq var, lakin hər iki statistikaya görə bu, son 23 il ərzindəki ən yüksək yoluxma olub. Səhiyyə qurumları ölüm sayını açıqlamasa da, son üç ayda yayılan məlumatlar onu göstərir ki, uşaqlar arasında qızılcadan ölüm halları artmaqdadır.

Tanınmış həkim, tibb elmləri doktoru Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qızılca ilə bağlı vəziyyət hələ ki stabilləşməyib:

“Xəstələnmələr, ağırlaşmalar, həmçinin ölüm halları da qeydə alınır. Bu son hadisə də ona sübutdur. Qızılca virusunun bu cür yayılması iki faktora bağlıdır. Birincisi, koronavirus pandemiyasından sonra immun sisteminin təlatümləri, orqanizmin zəifləməsi və qızılca virusunun mutasiyaya uğrayaraq orqanizmdə yeni bir şəkildə xəstəliyi kəskinləşdirməsi. İkincisi, uşaqların milli peyvənd təqvimindən yayınması. Uzun müddət valideynlər müxtəlif bəhanələrlə uşaqları vaksinasiyadan yayındırırlar. Bu da nəticədə indiki vəziyyətin yaranmasına gətirib çıxarıb. Bu gün baş verən epidemioloji vəziyyətin kökündə valideyn məsuliyyətsizliyi dayanır. Ona görə düşünürəm ki, biz beynəlxalq qaydalara əməl etməliyik. Koronavirus pandemiyası zamanı vaksinasiyaya da bu cür münasibət göstərilirdi. Xeyli insan yalandan kağız aldı, vaksinasiyadan yayındı. İndiyə qədər də Azərbaycanda "Omicron" ştamının mutasiyası və koronavirusa yoluxmalar davam edir. Yoluxanlar da vaksin olunmayanlardır. Ona görə də birinci növbədə dünyanın və aparıcı mərkəzlərin tövsiyələrinə əməl etməliyik. Bunlar elə-belə tövsiyələr deyil. Bunlar elmi cəhətdən əsaslandırılmış çox ciddi mənbələrə söykənən elmi tövsiyələrdir. Hesab edirəm ki, bundan sonra valideynlər “Milli peyvənd” təqvimindən uşaqları yayındırmamalıdırlar. Hazırda “Milli peyvənd” təqviminin üzərində işlər gedir. Çox sayda vaksinin bir şprisdə vurulması üçün işlər gedir. Artıq bir uğur var. Exo vaksin-6 infeksiyaya qarşı vaksindir, uşaqlara vurulur. Valideynlər uşaqları vaksindən yayındırmamalı, bunun üzərində ciddi nəzarət olmalıdır. Vaksinasiya genofondun sağlamlığı məsələsidir. Bu dövlət qurumları tərəfindən çox ciddi nəzarət olunmalıdır. Yalnız bununla uşaqlarımızı qoruya bilərik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
308 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...