Kamerun vətəndaşı Bakı sakininin 20 minini necə 40 min dollara “çevirib”?
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vambo Aurelienin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rahib Salmanov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi mayın 17-də davam etdiriləcək.
Qeyd edək ki, bu ilin fevralında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən vətəndaşlardan biri tanımadığı şəxslərin onun etimadını qazanaraq 20000 ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə 40000 ABŞ dollarına çevirəcəkləri adı ilə aldadaraq pulunu dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Kamerun Respublikasının vətəndaşı Aurelien Vanbo saxlanılıb. O bir qrup şəxslə əlbir olaraq, Azərbaycanda keçiriləcək beynəlxalq miqyaslı idman yarışları, eləcə də tədbirləri ərəfəsində Bakı şəhərinə çoxlu sayda turistlərin səfər edəcəklərini bildiklərindən qeyd olunan üsulla əcnəbi qonaqların və yerli vətəndaşların pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildirib.
771 dəfə oxundu