Səttar Mehbalıyev: “Azərbaycanda işləyənlərin kütləvi ixtisarına yol verilməyib”
“İqtisadi böhran fonunda Azərbaycanda işləyənlərin kütləvi ixtisarına yol verilməyib”.
"Paralel.az"-ın məlumatına görə, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev AŞPA-nın Sosial Məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf və Avropa Şurasının Avropa Sosial Xartiyası Departamentinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Avropa Sosial Xartiyası prizmasında Azərbaycanda sosial-iqtisadi hüquqların möhkəmləndirilməsi” adlı milli parlament seminarı zamanı çıxışında deyib.
S. Mehbalıyev bildirib ki, əhalinin məşğulluq səviyyəsi 2005-ci ildəki 47,8 faizdən 2015-ci ildə 48,4 faizə qədər yüksəlib: “Son illər həyata keçirilən islahatlar nəticəsində 2010-2015-ci illər ərzində respublikada əmək ehtiyatları 6 milyon 15 min nəfərdən 6 milyon 336 min nəfərə qədər artıb. Əgər 2010-cu ildə yeniyetmələrin məşğulluğu müşahidə olunurdusa, son illər bu göstərici mövcud deyil. Rəsmi statistikaya görə, məşğulluq xidmətlərində işsiz statusu almış şəxslərin sayı 2016-cı ildə 33 min nəfər olub. 2010-cu ildə hesablanmış işsizlərin sayı 258,3 min nəfərdən, işsizlik səviyyəsi isə 5,6 faizdən 2016-cı ildə 252,8 min nəfərə və 5 faizə enib. Bu, MDB ölkələri arasında ən yaxşı göstəricilərdən biridir. İşsiz qadınların 50,5 faizini və işsiz kişilərin 52,4 faizini 15-29 yaşlı gənclər təşkil edir. İşsiz əhalinin 15,4 faizi ali, 12,9 faizi orta ixtisas, 4,1 faizi ilk peşə ixtisas, 53,3 faizi tam orta, 13,6 faizi ümumi orta təhsillidir. Son illər ərsində işsizlik statusu alan ali təhsilli şəxslərin çəkisi 30,7 faizdən 55,6 faizə qədər yüksəlib. İşsizlik dövrünün son 5 il ərzində artması və orta hesabla 16,6 ay təşkil etməsi xüsusi narahatlıq doğurur. 2015-ci ildə bir ildən artıq işsiz qalan şəxslərin çəkisi 87,8 faiz təşkil edib”.
809 dəfə oxundu