Cocuq Mərcanlıdakı evlər hələ paylanmayıb - AÇIQLAMA
Məlum olduğu kimi, iyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış oldu.
1993-cü ildə işğal olunmuş, 1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu "Horadiz əməliyyatı" nəticəsində isə azad edilmiş Cəbrayılın nəzarətimizdə olan yeganə yaşayış məntəqəsində - Cocuq Mərcanlı kəndində artıq əsaslı bərpa işləri bitib.
Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov Modern.az-a hazırda görülən işlərlə bağlı məlumat verib. O bildirib ki, əhaliyə verilməsi nəzərədə tutulan 50 ev hələki paylanmayıb:
“Cənab prezident İlham Əliyev Cocuq Mərcanlıda tikilən 50 evin açılışını etdi. Yaxın vaxtlarda 50 ailənin qayıtması ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur. O cümlədən əlavə olaraq qayıtmaq istəyən vətəndaşlarla əlaqədar da cənab prezident sərəncam imzaladı. Daha 100 evin inşası üçün vəsait ayrıldı. Yəqin ki, yaxın vaxtlarda həmin evlərin tikintisi ilə bağlı işlər gedəcək.
Sakinlərə verilməsi nəzərdə tutulan 50 ev hələki paylanılmayıb. Yaxın vaxtlarda “Dövlətqaçqınkom” evlərin paylanışı ilə əlaqədar qərar qəbul edəcək.
Qeyd edim ki, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır”.
940 dəfə oxundu