Polis adam oğrusunu həbs etdi - FOTO
Vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi və satışının qarşısının alınması məqsədilə daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs - Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman bir ədəd "Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il bundan əvvəl Rusiya Federasiyasından aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib.
R.Əmirovun ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən də axtarışdadır.
Qeyd edilən faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
930 dəfə oxundu