Yol polisi mexaniki nəqliyyat vasitələri sahiblərinə müraciət edib
DİN Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və avtomobil sahiblərinə mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar müraciət edib.
İdarədən APA-ya bildirilib ki, son vaxtlar bəzi nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması hallarına rast gəlinir.
“Ayrı-ayrı sürücülər guya daha gözəl göründüyünü düşünərək nömrələrin üzərinə həkk olunmuş defis simvollarını bilərəkdən müxtəlif üsullarla silirlər, lakin nəzərə almırlar ki, bu hərəkət qayda pozuntusu hesab edilir. Sürücünün adi kiçik xətt hesab etdiyi simvolun pozulması dövlət qeydiyyat nişanları standartının tələblərinin pozulması kimi qiymətləndirilir ki, bu da nəticədə YPX əməkdaşı tərəfindən sürücünün cərimə olunmasına şərait yaradır”, – deyə müraciətdə qeyd edilib.
Yol polisi nəqliyyat vasitələri sahiblərinin və sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması (defis simvollarının, çərçivə xəttinin silinməsi) hallarının aradan qaldırılması üçün 1 ay müddətində vaxt verilir, əks halda nəqliyyat vasitəsinin istismarı qadağan olunmaqla sürücülər inzibati məsuliyyətə cəlb ediləcək, eləcə də xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan digər qayda pozuntuları ilə bağlı tərtib edilmiş elektron protokollardakı görüntülərdə belə hallar aşkarlandığı təqdirdə inzibati xətaya yol vermiş şəxslər haqqında əlavə inzibati tənbeh tədbiri görüləcək.
833 dəfə oxundu