SOCAR Cənubi Qafqaz Kəmərinin kommersiya operatorluğunu öz üzərinə götürüb
Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) Norveçin “Statoil” şirkətinin Cənubi Qafqaz Kəmərinin kommersiya operatorluğunun təhvil verilməsi ilə bağlı tədbir keçirilib.
SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gündən etibarən SOCAR Cənubi Qafqaz Kəmərinin kommersiya operatorluğunu öz üzərinə götürür. O bildirib ki, bu SOCAR-a olan inamın göstəricisidir: “Bu, Azərbaycanda fəaliyyət göstərən şirkətlərin və xarici şirkətlərin SOCAR-da görülən işləri yüksək qiymətləndirilməsi deməkdir. Bu gün “Statoil” bu işləri SOCAR-a təhvil verir. “Statoil”dən kommersiya sahəsində böyük təcrübə öyrənmişik. SOCAR kommersiya operatoru kimi bunun öhdəsindən gələcək”.
SOCAR prezidenti uzun müddət əməkdaşlıq etdiyi üçün Norveç şirkətinə təşəkkür edib. O bildirib ki, “Statoil” Azərbaycanda növbəti layihələrdə fəaliyyətini davam etdirəcək.
“Statoil”in Bakı ofisinin rəhbəri Tonqi Kosmao bildirib ki, təmsil etdiyi şirkətin SOCAR-la işləməsi onlara çox böyük zövq verib: “Bizim konsorsiumun bütün üzvləri əmindirlər ki, SOCAR bu işlərin öhdəsindən gələcək”.
O bildirib ki, bu illər ərzində “Statoil”in məqsədi bütün konsorsium üzvləri olan şirkətlərlə sıx əməkdaşlıq etmək olub: “Biz “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işləməsi layihəsində fəaliyyətimizi davam etdirəcəyik”.
Sonda Cənubi Qafqaz Kəmərinin kommersiya operatorluğunun “Staotil”dən SOCAR-a təhvil verilməsi ilə bağlı müqavilə imzalanıb.
Qeyd edək ki, Norveçin “Statoil” şirkəti Cənubi Qafqaz Kəmərindəki payı Malayziyanın “Petronas” şirkətinə satıb. Müqaviləyə əsasən, payını satdıqda şirkət tərəfindən kommersiya operatorluğu SOCAR-a verilməlidir. “Statoil” payını “Petronas”a satdığı üçün operatorluq 2016-cı ildən 2015-ci ildə keçir. Bununla da, SOCAR böyük layihənin operatorluğunu əldə edib və dünya bazarında operator işləri aparmaq imkanı qazanıb. Şirkət Cənubi Qafqaz Kəmərinin kommersiya operatoru, TANAP-ın da operatoru olur. Bu da gələcəkdə daha böyük həcmdə Azərbaycan qazını Avropaya nəql etməyə imkan verəcək.
1 430 dəfə oxundu