372 000 insana müavinət təyin olunub
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən cari ilin ilk rübündə 372290 nəfərə aylıq və birdəfəlik sosial müavinət ödənilib ki, onlardan 340254 nəfəri (91,4%) aylıq, 32036 nəfəri birdəfəlik (8,6%) sosial müavinət alıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə müharibə veteranlarına ödənilən aylıq sosial müavinətlərin məbləği 21,6 faiz artıb.
Hazırda 52596 nəfər müharibə veteranı həmin aylıq sosial müavinətlə təmin edilir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli Fərmanına əsasən, 01 yanvar 2014-cü il tarixdən etibarən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunur. Hazırda beşdən çox uşağı olan 3033 nəfər qadının 18 yaşına çatmamış 8766 nəfər uşağına həmin aylıq müavinət ödənilir.
Cari ilin birinci rübündə ötən ilin müvafiq dövrünə nisbətən aylıq və birdəfəlik sosial müavinət və kompensasiyaların ödənilməsinə 2,2 milyon manat, yəni 4 %-dək çox vəsait yönəldilib. Sosial müavinət və təqaüdlərin ödənişində şəffaflığın təmin oluması məqsədilə sosial müavinətlərə, həmçinin təqaüdlərə dair məlumatlar xüsusi proqram təminatı vasitəsilə vahid məlumat bazasında toplanıb. Ölkədə sosial müavinətlərin ödənişi plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirilir və sosial müavinət, həmçinin təqaüd təyin olunanların siyahısı ƏƏSMN-nin rəsmi saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümündə təqdim olunur.
1 431 dəfə oxundu