Vahid Əhmədov: “Bahalaşmanın qarşısını birtəhər almaq olar, əsas odur, qıtlıq olmasın”

Vahid Əhmədov: “Bahalaşmanın qarşısını birtəhər almaq olar, əsas odur, qıtlıq olmasın”
“Kəskin bahalaşma ilə bağlı hökumət tərəfindən bu yaxınlarda iclas da keçirildi. Bahalaşma, o cümlədən süni qiymət artımı, infilyasiyanın qarşısının alınması ilə əlaqədar tədbirlər planı işlənib hazırlandı, qəbul olundu, məruzələr dinlənildi. Ölkədə qiymət artımı kifayət qədər yüksəkdir. Biz bunu hiss edirik, əhalidən də çoxlu müraciətlər alıram”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Deputat bildirib ki, qiymət artımının obyektiv və subyektiv səbəbləri var: “Bahalaşma təkcə Azərbaycanın daxilindən asılı deyil. Azərbaycan xaricdən kifayət qədər məhsul, xüsusilə ərzaq və qeyri-ərzaq məhsulları idxal edir. Dünya bazarında da qazla əlaqədar ciddi problem yaranıb. Neftlə bağlı da böyük problem var. Qiymətlər qalxıb. Bu səbəbdən, hətta bəzi ölkələrdə bir sıra fabriklər işlərini dayandırıblar. Yəni qiymət artımı bütün dünyada baş verir. Bunlar obyektiv səbəblərdir. Subyektiv səbəblərə gəlincə, bəzi sahibkarlar, möhtəkirlər heç nəyə baxmadan qiymət artımına yol verirlər. Bu da problemdir. Düzdür, bu istiqamətdə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən tədbirlər görülür. Amma bu tədbirləri daha da genişləndirmək lazımdır”.

V.Əhmədov vurğulayıb ki, inflyasiyanı müəyyən qədər cilovlamaq, bahalaşmanın qarşısını almaq üçün hökumətin gördüyü tədbirlər var: “Hesab edirəm ki, bu tədbirləri də genişləndirmək lazımdır. Əlavə Dəyər Vergisi, dövlət rüsumu, süni qiymət artımı ilə bağlı müəyyən təkliflər də səsləndirmişik. Bu təklifləri artıq işləyib, hazırlayıb, həyata keçirmək lazımdır. Təklif verdik ki, ərzaq məhsullarına heç olmasa 1-2%, qeyri-ərzaq məhsullarına isə 25-30% səviyyəsində ƏDV tətbiq edilsin. Düzdür, bir-iki ay daxilolmada müəyyən azalmalar olacaq, amma sonra yenidən bərabərləşəcək, hətta ƏDV-dən əvvəlkindən çox gəlir daxil olacaq. İkincisi, dövlət rüsumu tamamilə hökumətin ixtiyarındadır. İstənilən məhsula sıfır, istənilənə 15 də qoya bilər, 0-15 arası dəyişər. Əsas süni qiymət artımıdır. Süni qiymət artımı ölkədə kifayət qədərdir. Müşahidə edirəm, hətta quş əti məhsullarında da artım var. 20% deyirlər, xeyr, həddən artıq çoxdur. Əvvəllər bahalaşmanı ayda hiss edirdiksə, indi gündə, həftədə hiss edirik. Hökumətin qarşısında duran vacib məsələ müəyyən qədər qiymətlərin bahalaşmanın qarşısını almaqdır. Bahalaşmanın, inflyasiyanın qarşısını bir təhər almaq olar, əsas odur ki, qıtlıq olmasın. Azərbaycanda faktiki qıtlıq yoxdur, bütün məhsullar var. Ərzaqla bağlı elə də ciddi problem yoxdur”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
684 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...