“Heç bir erməniyə imkan verilməyəcək ki, dövlətlə dövlətçilik etsin” - Deputat
“Bildiyiniz kimi, 12-14 sentyabr təxribatları nəticəsində Azərbaycanın əks həmləsi, o cümlədən Praqa zirvə görüşündən sonrakı məqamda bölgədə tamamilə yeni siyasi şərait yaranıb”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Millət vəkili Praqa görüşü sonrası Xankəndidə baş verən etiraz aksiyaları, habelə separatçıların başına loyallığı ilə seçilən adamın gəlməsindən sonra Bakı ilə Xankəndi arasında təmasların olub-olmayacağından söz açıb:
“Xüsusən də Fransa başda olmaqla Qərbin ermənipərəst dairələrinin yeni siyasi hücum dalğasından Azərbaycanın daha güclü formada, qalib olaraq çıxması bizim üçün yeni imkanlar açıb. Bu gün bölgədə faktiki olaraq, bütün proseslər Azərbaycanın və Azərbaycan Prezidentinin siyasi iradəsi çərçivəsində cərəyan edir. Dünya, eləcə də Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır. Azərbaycanın sərhədləri daxilində müşahidə edilən proseslər, o cümlədən də Qarabağ iqtisadi rayonunda - Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilərin taleyi ilə bağlı məsələ isə bizim daxili işimizdir”.
Deputatın sözlərinə görə, erməni əsilli vətəndaşlarla iş hansı formada qurulacaq, bunu cənab Prezident İlham Əliyev dəfələrlə, o cümlədən də Praqada verdiyi müsahibədə açıq şəkildə bəyan edib:
“Yəni biz 30 illik aradan sonra inteqrasiyanı necə həyata keçirəcəyik, birgəyaşayışı necə təmin edəcəyik bu, birmənalı olaraq Azərbaycan dövlətinin müstəsna iradəsindən asılı olan məsələlərdir. Azərbaycan separatçılarla danışıq aparmır, Azərbaycan orada təcavüzkar və separatçı ideologiyanın təsiri altına düşən, yolunu azan, yaxud hərbi xuntanın qorxusundan mövqeyini ifadə edə bilməyən erməni əsilli vətəndaşları ilə iş aparır.
Bu işin də yol xəritəsi bəllidir: kim ki sovet dövründən o ərazidə yaşayıb, yəni qanunsuz miqrant deyil, nümunəvi vətəndaş kimi qanunlarımıza tabe olacaqsa, digər vətəndaşlarımız kimi normal həyatını sürəcək. Yox, əgər kim ki istəməyəcək, çıxıb gedə bilər, yəni kiməsə imkan verilməyəcək ki, dövlətlə dövlətçilik etsin. Bu qədər sadə”.
“Yəni prosesdə hansısa separatçının aparıcı rolu, həlledici mövqeyi yoxdur, ola da bilməz. Bütövlükdə bölgədə həlledici rola malik güc, aparıcı qüvvə bizik və daxilimizdə də öz vətəndaşlarımızla təmas qurmaq üçün vasitəçiyə, təmsilçiyə ehtiyacımız yoxdur. Biz ikinci bir ölkə ilə, yaxud hansısa müstəqil, yaxud muxtar strukturla, qurumla münasibət qurmuruq ki, onları təmsil edən hansısa şəxsə ehtiyacımız olsun. Biz erməni əsilli vətəndaşlarımızla heç bir ayrıseçkiliyə, hüquq pozuntusuna yol vermədən, Azərbaycan qanunları rəhbər tutulmaqla etimad və birgəyaşayış mühitini yenidən formalaşdırmağı hədəfləyirik. Proseslərin də lehimizə inkişaf etdiyinin şahidiyik”, - müsahibimiz yekunlaşdırıb.
376 dəfə oxundu