Məhkəmə qərarını icra etməyənlərin cəzası ağırlaşır

Məhkəmə qərarını icra etməyənlərin cəzası ağırlaşır
Azərbaycanda məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə yeni cərimələr müəyyənləşir.

"Report"un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliklə məcəllənin 528.1-ci bəndi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən Icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Qanunun hazırkı bəndi isə belədir: "Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir".

Digər dəyişikliklə məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi günden bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, vəzifəli şəxslər 2 500 manatdan 4 000 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə olunacaq.

Bundan əlavə, 528.3-cü maddəyə "borclunun" sözündən sonra "hesabına (hesablarına) xidmət edən bank və ya digər kredit təşkilatı tərəfindən borclunun" sözləri əlavə edilir. Dəyişikliklə borclunun, hesabına (hesablarına) xidmət edən bank və ya digər kredit təşkilatı tərəfindən borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitlərinin olmasına baxmayaraq, təqdim olunmuş icra sənədinin borcludan pul vəsaitlərinin tutulmasına dair tələblərinin müəyyən edilmiş müddətdə icra edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
527 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...