Zelenskinin Avropa səfəri: Kiyev Qərbin real dəstəyini ala biləcəkmi?

Zelenskinin Avropa səfəri:

"Zelenski bu səfərləri ilə Qərbdən əlavə dəstək almağa çalışır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev Ukrayna Prezidenti Volodimir Zelenskinin Böyük Britaniya, Fransa və Brüsselə olan səfərlərini dəyərləndirərkən deyib:

Ukrayna cəbhəsində status-kvo formalaşıb. Tərəflərdən heç biri artıq irəliyə doğru addım ata bilmir. Krım ilə bağlı Pentaqon açıqlama vermişdi ki, Kiyev hazırda bu əraziyə hücum edəcək gücdə deyil. Belə olan halda, Kiyev ya Moskvanın şərtlərilə razılaşmalı, ya da Qərbdən əlavə dəstək almalıdır. Ona görə də, Zelenski Avropaya səfər edərək, əlavə dəstək almağa çalışır. Ukraynaya ən son olaraq tanklar göndərildi. Onlarla isə ya hücum etmək, ya da rus hücumlarının qarşısını almaq üçün istifadə ediləcək. Ancaq döyüş böyük ölçüdə artileriya döyüşüdür. Ona görə də Ukraynaya davamlı mərmilər, artileriya qurğuları, qırıcı təyyarələr göndərilməlidir”.

Ekspert qeyd edib ki, Zelenski bu səfərləri fonunda maliyyə, silah, insan resursları və siyasi olaraq özünə dayaq axtarır:

"Amma artıq Qərbdə də bəzi qüvvələr münaqişənin uzanmasının əleyhinə çıxmağa başlayır. Belə bir açıqlama yayıldı ki, ola bilsin Ukraynada da Koreya variantı ortaya atılsın. Yəni, ölkənin iki hissəyə bölünməsi reallaşsın. Bu isə o deməkdir ki, Qərbdə də artıq bəzi qüvvələr çıxış yolunu Ukraynanın ikiyə bölünməsində görürlər. Ukraynada indi ciddi anti-korrupsiya tədbirləri həyata keçirilir. Xeyli vəzifəli şəxs istefa verib. Bəziləri barədə cinayət işi qaldırılıb. Bütün bunlar da Qərbdə Ukraynaya göndərilən yardımlarla bağlı müəyyən sualların ortaya çıxmasına səbəb olur. Zelenskinin səfərləri də şübhələri aradan qaldırmaq, Qərb ölkələrini Ukraynaya mümkün qədər daha çox hərbi, siyasi, maliyyə dəstəyinin ayrılmasına təşviq etmək, yenidən Rusiyaya qarşı hücumlara başlamaq üçün real dəstək almağa hesablanıb”.

Qeyd edək ki, Ukrayna Prezidenti Avropa ölkələrinə səfərə çıxıb. Səfər çərçivəsində o ilk olaraq Londona gedib. Burada Böyük Britaniya baş naziri Rişi Sunak və kral III Karlla görüşüb. Ardınca Parisdə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşüb. Zelenski həmçinin Brüsseldə Avropa İttifaqı ölkələri liderlərinin sammitində də iştirak edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
583 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...