Bayden 1,2 milyard dollarlıq tələbə borcunu bağışladı
ABŞ prezidenti Co Bayden təxminən 153 min tələbənin federal təhsil kreditləri üzrə 1,2 milyard dollarlıq borcunu bağışlayıb.
Qaynarinfo xəbər verir ki, borc yükünün azaldılması Co Baydenin seçki kampaniyasının əsas məqamlarından biri olub. ABŞ prezidenti kimi işlədiyi müddətdə Bayden artıq federal kredit proqramı çərçivəsində təhsil kreditlərinin silinməsinə dair 20-də çox fərman imzalayıb.
Bu qərardan sonra silinən borcun ümumi məbləği artıq 138 milyard dollara çatıb və 3,9 milyon borcalana təsir edib. Bu, onun 43 milyon borclu üçün 400 milyard dollarlıq borcun bağışlanması planından çox uzaq olsa da, indiki cəmi Co Baydenin sələflərindən hər hansı birinin bağışladığı borcun məbləğindən dəfələrlə çoxdur.
Keçən iyun ayında ABŞ Ali Məhkəməsi Co Baydenin və ətrafının səlahiyyətlərini aşdığını müəyyən edərək, prezident administrasiyasına 400 milyard dollarlıq təhsil kreditlərini silməyi qadağan edib. Ona görə də rəhbərlik bu qadağadan yan keçmək üçün borcları kiçik hissələrlə silməyə başlayıb. 2023-cü ilin sentyabr ayına olan məlumata görə, amerikalıların federal və özəl tələbə krediti borcuna təxminən 1,74 trilyon dollar borcu var.
541 dəfə oxundu