Polis geri çəkildi, etirazçılar Parlament meydanına toplaşır – Gürcüstandakı SON DURUM

Polis geri çəkildi, etirazçılar Parlament meydanına toplaşır –
Ötən gecədən Gürcüstan parlamentinin qarşısından mitinq iştirakçılarının xüsusi təyinatlılar tərəfindən dağıdılmasına başlanılsa da, hazırda proses dayandırılıb.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, dörd saat ərzində xüsusi təyinatlılar Tbilisidəki nümayişçilərə qarşı vaxtaşırı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər. Mitinqdə jurnalistlər və siyasətçilərin xəsarət aldıqları vurğulanır. Onların arasında müxalif Vahid Milli Hərəkat Partiyasının sədri, Gürcüstan parlamentinin deputatı Levan Xabeişvili də var. Lakin ölkənin Səhiyyə Nazirliyi rəsmi olaraq yalnız üç polis əməkdaşının xəstəxanaya yerləşdirildiyini təsdiqləyib. Proses həbslərlə müşayiət olunub.

Hazırda polis qüvvələri paytaxtın Çiçinadze küçəsinə və Azadlıq meydanına doğru geri çəkilib. Aksiya iştirakçıları onları alqışlarla yola salıblar və yenidən parlamentin qarşısındakı meydanı zəbt ediblər. Hadisə yerində bir neçə yüz nəfər qalıb. Onlar etiraz şüarları səsləndirirlər.

Hadisələr zamanı ABŞ Dövlət Departamenti bəyan edib ki, “Xarici agentlər haqqında” qanun layihəsinə etirazların davam etdiyi Gürcüstanda vəziyyəti diqqətlə izləyir və tərəfləri gərginliyi artırmaqdan çəkinməyə çağırırlar.

“Biz hakimiyyət orqanlarını və bütün vətəndaşları dinc toplaşmaq azadlığına hörmət etməyə, təmkinli olmağa, hər hansı eskalasiyadan və ya zorakı hərəkətlərdən çəkinməyə və qanunun aliliyinə hörmət etməyə çağırırıq”, – bəyanatda deyilir.

Dövlət Departamenti təkrar edib ki, Rusiyadan ilhamlanan “xarici təsir haqqında” qanun layihəsinin davam edən müzakirəsindən “dərin narahatdır”. Çünki Vaşinqton ehtiyat edir ki, onun qəbulu media və vətəndaş cəmiyyəti təşkilatlarının işinə mane olacaq və onların damğalanmasına gətirib çıxaracaq.

“Biz Gürcüstan hökumətini bu qanun layihəsinin Aİ norma və dəyərlərinə zidd olduğu və Gürcüstanın Aİ-yə üzvlük istiqamətində irəliləyişinə mənfi təsir göstərəcəyi barədə xəbərdarlıqları dinləməyə çağırırıq”, – bəyanatda deyilib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O’Brayen isə sosial şəbəkədə məlumat verib ki, Gürcüstan parlamentinin üzvləri ilə ölkədə nəzərdən keçirilən “Xarici agentlər haqqında” qanun layihəsi ilə bağlı “vacib söhbət” edib:

“Gürcüstan parlamentinin üzvləri ilə ikitərəfli münasibətlərimiz, o cümlədən Kremldən ilhamlanmış “xarici təsir haqqında” qanun layihəsi və onun Gürcüstanın Avropa istəklərinə mənfi təsiri ilə bağlı ciddi narahatlığımız haqqında mühüm söhbətlər aparmışıq”.

Amma o, konkret kiminlə – müxalifətin, yoxsa hakim “Gürcü Arzusu”nun nümayəndələri ilə danışdığını dəqiqləşdirməyib. Məlum olub ki, bu ünsiyyət nümayişçilərin dağıdılması ilə paralel baş tutub.

Bu arada “Anonymous” haker qrupu Tbilisidə etiraz aksiyasını amansızcasına dağıtdığına görə gürcü polisindən qisas alacağını bildirib. Haker qrupu gürcü polisinə xəbərdarlıq edib ki, etirazçılara hücum etmək Gürcüstan hökumətinin bütün məmurları haqqında məlumatların açıqlanması ilə nəticələnəcək. “Biz bütün baza məlumatlarını və e-poçtlarınızı İnternetə yerləşdirəcəyik. Bu, ilk və yeganə xəbərdarlıqdır”, – Anonymous “X”də verdiyi açıqlamada bildirib.

Haker qrupu hakim “Gürcü Arzusu” partiyası üçün belə bir mesaj ünvanlayıb: “Rusiyanın dəstəklədiyi “Arzu” Partiyasına: Unutmayın, Gürcüstan Rusiya deyil və heç vaxt olmayacaq. Bizi gözləyin”.

Haker qrupu etirazçıları dəstəkləyəcəyini bildirib və gürcüləri meydanlara çıxmağa çağırıb. “Siz tək deyilsiniz. “Anonymous” demokratiya, azadlıq və rifah uğrunda mübarizənizdə sizi dəstəkləyəcək və yardım edəcək”.

Əslən gürcü olan, hazırda xaricdə yaşayan tanınmış rusiyalı yazıçı, tərcüməçi və ictimai xadim Boris Akunin (Çxartişvili) “Gürcülər, bunun (“Xarici agentlər haqqında” qanunun – red.) sizin başınıza gəlməsinə imkan verməyin!” müraciətilə xalqa səslənib.

“Mən Gürcüstanın siyasi həyatı haqqında danışmıram. Birincisi, məndə bir kompleks var ki, mən “əsl gürcü deyiləm” – dili belə bilmirəm. İkincisi, mən də rus yazıçısıyam və indiki şəraitdə qardaşımızın başqalarının işinə qarışması “imperializmin təzahürü” kimi qəbul edilir. Amma Gürcüstan mənim üçün yad deyil. Mən Gürcüstanda anadan olmuşam, “Şvili” və “Şalvoviçə”m, orada çoxlu qohumlarım, dostlarım var. Demokratik bir ölkənin Rusiyanın uçuruma düşdüyü yamacdan necə aşağı sürüşdüyünü görəndə təşvişə düşürəm”.

Onun sözlərinə görə, xalq siyasi müxalifətdən, dişsiz mətbuatdan yox, putinizmdən qorxmalıdır. “Yalnız xaricdən deyil, daxili istiladan da qorxun və məhz indi baş verən budur. Putinizm sizin evinizdə yuva qurmağa çalışır – öz hökumətinizin təşəbbüsü ilə. Bu infiltratoru sonradan qova bilməyəcəksiniz. O, Gürcüstanı xərçəng şişi kimi yeyəcək. Əvvəlcə “xarici agentlər”, sonra “beşinci kolon”, sonra “terrorçular və ekstremistlər”, sonra isə Gürcüstanın Putin Rusiyasından başqa heç bir dostunun olmadığı nağılları danışılacaq. İkibaşlı qartalın qanadı altında xoş gəlmisiniz. Gürcülər, bunun başınıza gəlməsinə imkan verməyin. Azadlığın qayğısına qalın!”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
467 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...