Koronavirusa qarşı vaksin axtarışları: nə zaman hazır olacaq?

Koronavirusa qarşı vaksin axtarışları:
Koronavirus pandemiyası davam edir və hər gün onminlərlə insan virusa yoluxur. Lakin hələ də infeksiyaya qarşı təsdiq edilmiş və geniş tətbiq olunan vaksin tapılmayıb. Bəs vaksinlər nə vaxt hazır olacaq?

"Report" xəbər verir ki, BBC bununla bağlı araşdırma aparıb.

Qeyd olunub ki, vaksinlərin hazır olması COVID-19-a yoluxmanın ilk aşkarlandığı vaxtdan təxminən 12-18 ay sonraya - 2021-ci ilin ortalarına proqnozlaşdırılır.

Araşdırmaya görə, 140 vaksinin hazırlanması ilkin mərhələdə olsa da, bəziləri artıq insan üzərində sınanılır. Şimpanzelər üzərində uğurla sınaqdan keçirilən nümunələr də var. Hazırda Oksford Universitetinin "AstraZeneca" şirkəti ilə birgə hazırladığı vaksinə, ABŞ-dakı uyğun tədqiqatlara və Çinin ordu üçün hazırladığı vaksinə böyük ümidlər bəslənilir.

Vaksinlər zərərsiz həcmdə virus fraqmentlərinin və ya oxşar özəlliklərə malik prototiplərin insan bədəninə yeridilməsi, immunitetin bunlara cavab reaksiyasının öyrənilməsi ilə sınaqdan keçirilir və müqavimət formalaşdırılmasına əsaslanır. Belə ki, insan immuniteti bu zərərsiz hissəcikləri "işğalçı" kimi görür və onlarla mübarizəyə başlayır. Nəticədə əsl virusa yoluxma zamanı bədənin müqavimət gücü artıq formalaşmış olur.

Araşdırmaya görə, vaksinin tez tapılması təcridetmə tədbirlərinin təhlükəsiz şəkildə yumşaldılmasına da imkan yaradacaq. Lakin vaksinlərin hazırlanması, sınaq mərhələsindən keçirilməsi o qədər də asan və qısamüddətli proses deyil. Çünki sınaqlar vaksinin həqiqətən də təhlükəsiz olduğunu və istifadə zamanı yan təsirlər yaratmadığını nümayiş etdirməlidir.

Eyni zamanda vaksinlərin insan immunitetinin müqavimət gücünü formalaşdırması və xəstəliklə mübarizədə effektivliyi yoxlanılmalıdır. Nəhayət, vaksin dozasının insanlığa lazım olan miqdarda istehsalı tibbi və iqtisadi baxımdan real olmalıdır və s.

Ekspertlərin fikrincə, virusun asanlıqla yayılmasının qarşısını almaq üçün əhalinin təxminən 60-70 %-i vaksinasiyadan keçməlidir. Vaksinə ən çox ehtiyacı olanlar isə immuniteti zəif olan və yoluxma zamanı ölüm hallarına daha çox rast gəlinən yaşlılardır. Bununla belə, vaksinlərin yaşlı insanlarda effektiv sonuclar verib-verməyəcəyi hələ sual altındadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
671 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...