Sabiq nazir ermənilərin Azərbaycanla ərazi mübadiləsi iddiasını şərh etdi

Sabiq nazir ermənilərin Azərbaycanla ərazi mübadiləsi iddiasını şərh etdi


"Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsi məsələsi aktual deyil. Ermənilərdən kimsənin bunu istəyəcəyini istisna etmirəm. Ancaq Azərbaycanın bu şəkildə nəyisə dəyişdirəcəyinə heç bir əsas yoxdur. Zəngəzur əzəli və tarixi Azərbaycan torpağıdır. Bu məsələ başqa istiqamətdə aktual ola bilər. Ancaq ərazi mübadiləsi Azərbaycanın maraqlarına uyğun deyil”.

Bu sözləri Qaynarinfo-ya sabiq xarici işlər naziri Tofiq Zülfuqarov Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsinin mümkünlüyü barədə səslənən fikirləri şərh edərkən deyib.

Sabiq nazir ərazi mübadiləsi ilə bağlı müxtəlif zamanlarda səslənən fikirlərin artıq aktuallığını itirdiyini bildirib:

"Artıq vəziyyət tamamilə dəyişib. Azərbaycan Ermənistanı kapitulyasiyaya məcbur edib. Demək olar ki, Azərbaycan işğal olunmuş ərazilərdə böyük ölçüdə nəzarəti əlinə alıb. Kiçik bir hissə qalib ki, orada da suverenliyimizin bərpası bir qədər vaxt aparacaq. Buna heç bir şübhəm yoxdur. Bu baxımdan məsələ həll olunub, yaxud həll olunmaq üzrədir. İndiki mərhələ ilə əvvəlki dövr arasında hər hansı paralellər aparmağı düzgün saymıram. Çünki şərtlər dəyişib”.

Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşü ilə bağlı səslənən iddialara münasibət bildirən Tofiq Zülfuqarov qeyd edib ki, Əliyevlə Paşinyan bir sıra məsələlərdə razılıq əldə edə bilər:

"Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin indiki mərhələsi müzakirə oluna bilər. Nəyi nəzərdə tuturam: Bildiyimiz kimi, Ermənistan Azərbaycana hərbi təcavüz edib, etnik təmizləmələr aparmışdı. Müharibədən sonra Azərbaycan öz beynəlxalq sərhədlərini bərpa edib və işğalçını öz ərazisindən qovub. Amma hələ də sülhməramlıların nəzarət etdiyi ərazilərdə erməni silahlı qüvvələri qalmaqdadır. Hansı ki Ermənistan hakimiyyəti həmin silahlı qüvvələrin bir hissəsinin əmrə tabe olmadığını deyir. Görüşdə erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən hansı vaxt və necə çıxarılması məsələsi, yaxud buna məcbur edilməsi müzakirə olunacaq. İkincisi görüşdə sərhəd məsələsi müzakirə oluna bilər. Artıq bu proses gedir. Sərhədlərin müəyyənləşməsi prosesində müəyyən aktual məsələlər ola bilər. Bunun da müzakirə edilməsini istisna etmirəm. Həmçinin kommunikasiya əlaqələrinə də baxıla bilər.

Naxçıvanla Azərbaycanın qərb rayonları arasında kommunikasiyaların açılması üçtərəfli bəyanatda Ermənistan üzərinə qoyulmuş bir öhdəlikdir və Ermənistan bunu həyata keçirməlidir. Bu baxımdan əksər kommunikasiya problemləri həll olunacaq.

Görüşdə başqa məsələlər də müzakirə oluna bilər. Amma bir məsələ var ki, müzakirə oluna bilməz. O da Azərbaycan ərazisində kompakt şəkildə yaşayan ermənilərin gələcək taleyi ilə bağlı məsələdir ki, bu, artıq Azərbaycanın daxili işidir və müzakirə predmeti olmamalıdır. Hesab edirəm ki, Azərbaycan heç bir halda Ermənistanın həmin ərazidə yaşayan ermənilər üzərində söz sahibi olmasına razılıq verməyəcək.

Qeyd edək ki, Ermənistanın "Milli Təhlükəsizlik Partiyası”nın rəhbəri Qarnik İsaqulyan liderlərin Moska görüşü ilə bağlı sensasiyalı iddia irəli sürüb. Onun sözlərinə görə, Paşinyan Qarabağın ermənilər yaşayan hissəsiylə dəyişmək üçün Ermənistan torpaqlarınının (Zənguzur) bir hissəsini (təxminən 2400 kvadrat km) Azərbaycana verəcək…



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
475 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...