Rus kəşfiyyatı Qərb peyvəndlərinə qarşı

Rus kəşfiyyatı Qərb peyvəndlərinə qarşı
ABŞ-ın “Wall Street Journal” qəzetində Rusiyanın xaricdə istehsal olunan vaksinlərə qarşı “qara piar” kampaniyası apardığına dair məqalə dərc olunub. Məqalənin müəllifləri Maykl Qordon və Dastin Voltsdur.

Modern.az-ın məlumatına görə, Novator.az-ın tərcümə etdiyi məqalədə deyilir ki, Rusiyanın xüsusi xidmət orqanları ABŞ-ın “Pfizer” şirkəti ilə Almaniyanın “BioNTech” şirkətinin birgə istehsal etdiyi peyvəndə, həmçinin Qərbdə hazırlanmış digər peyvəndlərə qarşı “qara piar” kampaniyası aparır. İnternet nəşrləri vasitəsilə aparılan kampaniyada əsas məqsəd insanların bu peyvəndlərə inamını sarsıtmaqdır.

“Wall Street Journal” yazır ki, ABŞ Dövlət Departamentinin xarici dezinformasiylar üzrə qlobal əlaqələr mərkəzinin rəsmisi Rusiya kəşfiyyatına işləyən dörd saytın adını çəkib: “New Eastern Outlook”, “Oriental Review”, “News Front” və “Rebel İnside”.

Bu saytların yaydığı materiallarda “Pfizer”-“BioNTech” peyvəndinin effektivliyini şübhə altına almağa cəhdlər göstərilir. Məsələn, “Pfizer”-“BioNTech”in əks təsirləri barədə şişirdilmiş məlumatlar dərc edilir və ABŞ-ın bu peyvəndi təsdiqləməkdə tələsdiyi iddia olunur.

Dövlət Departamentin rəsmisi “New Eastern Outlook”, “Oriental Review”, “News Front” və “Rebel İnside” saytlarının Rusiyanın kəşfiyyat xidmətləri ilə birbaşa əlaqəli olduğunu, onların redaksiyalarının ABŞ-ın hüdudlarından kənarda yerləşdiyini deyib: “Onlar əhatə dairəsi, ton və auditoriya baxımından çox fərqlidirlər, amma hamısı Rusiya təbliğatının və dezinformasiya sisteminin bir hissəsidir”.

Dövlət Departamentin rəsmisi “New Eastern Outlook” və “Oriental Review” saytlarının Rusiyanın Xarici Kəşfiyyat İdarəsinin nəzarətində olduğunu deyib. O qeyd edib ki, bu iki sayt özünü akademik nəşr kimi təqdim edir və hədəfləri Orta Şərqdə, Asiya və Afrikada yaşayan insanlardır. “New Eastern Outlook” və “Oriental Review” saytlarında ABŞ-ın dünyadakı roluna dair tez-tez şərhlər verilir.

Amerikalı məmur “News Front” nəşrinin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə, “Rebel İnside” saytının isə Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinə aid olduğunu söyləyib.

“Wall Street Journal”dakı məqalədə qeyd olunur ki, “News Front” və “Rebel İnside” saytlarının auditoriyası geniş deyil, ancaq ayrı-ayrı KİV-lər, o cümlədən Rusiya KİV-ləri bu saytlarda gedən materiallardan yararlana bilər.

Maykl Qordon və Dastin Volts yazırlar ki, peyvəndə şübhə yaratmaq cəhdləri zamanı peyvəndlərin effektivliyi və yan təsirləri sarıdan cəmiyyətdə mövcud olan narahatlıqdan sui-istifadə edilir. ABŞ-da əhalinin siyahıyaalınması ilə məşğul olan büronun ötən ay yaydığı hesabata əsasən, insanlar ilk növbədə vaksinlərin əks təsirlərindən narahat olduqlarına görə peyvəndlənməyə tərəddüd edirlər.

Kremlin sözçüsü Dmitri Peskov Qərb peyvəndlərinə şübhə yaradan məqalələrin arxasında Rusiya qurumlarının dayandığı iddiasını rədd edib. Peskov belə iddiaları cəfəngiyyat adlandırıb və peyvəndlərə qarşı “qara piar” kampaniyasında Rusiyanın xüsusi xidmət orqanlarının heç bir rolunun olmadığını bəyan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...