Ermənistan Rusiyaya konyak əvəzinə “rəngli spirt” ixrac edir
Rusiya konyak istehsalçıları Ermənistandan ixrac edilən konyak distillyatlarına nəzarəti gücləndirmək istəyi ilə gömrük işçilərinə müraciət edib. Ekspertlər hesab edirlər ki, Ermənistanda Rusiyaya ixrac olunan distillyat həcmini istehsal edəcək qədər üzüm yoxdur və Rusiyaya saxta məhsullar daşınır.
Bu barədə Rusiya Konyak İstehsalçıları Birliyinin (“Soyuzkonyak”) icraçı direktoru Dmitri Çernev “Sputnik”ə danışıb.
Yanvar ayının sonunda təşkilat Rusiya Federal Gömrük Xidmətinin rəhbərinin müavini Yelena Yagodkinaya məktub göndərərək, onların diqqətini Ermənistanda üzüm yetişdirmə imkanları ilə konyak distillyatlarının istehsal həcmi arasındakı balanssızlığa çəkib.
Qeyd edək ki, konyak distillyatı (konyak yaratmaq üçün əsas) şərab materiallarının ikiqat distillə edilməsindən sonra əmələ gələn spirtin palıd çəlləklərində saxlanılması ilə əldə edilir.
Məktubda qeyd edilib ki, konyak distillyatlarının istehsalı üçün kifayət qədər miqdarda üzüm olmalıdır (10 kq üzümdən təxminən 0,9 litr distillə əldə etmək olar).
Keçən il Ermənitstandan Rusiyaya 640 min dekalitr (susuz, 100 dərəcə spirt şəklində) erməni brendi distillyatları gətirilib. Bu, ölkədəki illik üzüm məhsulunun təxmin edilən həcmindən əhəmiyyətli dərəcədə çoxdur - təxminən 100 min ton.
“Nəzəri olaraq mövsümdə toplanan 100 min ton üzümdən təxminən 1 milyon dekalitr konyak distillyatı istehsal edilə bilər, amma praktikada bu, demək olar ki, mümkün deyil, çünki şərab və digər məhsulların istehsalını, ixracat və daxili istehlak nəzərə almaq lazımdır”, - deyə “Soyuzkonyak”ın icraçı direktoru bildirib.
Bu səbəbdən “Soyuzkonyak” Rusiyaya Ermənistandan gətirilən distillyatın üzüm mənşəli olmayan spirtlə qarışdırıldığını güman edir.
1 582 dəfə oxundu