Gürcüstan ordusunu daha da gücləndirəcək
“Gürcüstan Müdafiə Qüvvələrinin gücləndirilməsi üzrə səylərimiz bundan sonra da davam etdiriləcək”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Qaribaşvili Müdafiə Qüvvələrinin yaradılmasının 30-cu ildönümünə həsr olunan təntənəli mərasimdə deyib.
Onun sözlərinə görə, bu gün Gürcüstan ordusu cəmiyyətin etimadını qazanmış ölkənin ən böyük dövlət institutudur.
Hökumət başçısı Müdafiə Qüvvələrinin möhkəmləndirilməsi, NATO-ya üzv ölkələrin standartlarının tətbiqi, silahların modernləşdirilməsi, hərbçilər və onların ailələrinin layiqli sosial şəraitlə təmin olunması ilə bağlı səylərin intensivləşdiriləcəyinə söz verib.
Tədbirdə çıxış edən prezident Salome Zurabişvili gürcü hərbçilərə xidmətə görə təşəkkür edib.
O, Gürcüstan ordusunun vahid, apolitik, vətən və xalqa sadiq olduğunu deyib: “Hərbçilərimizin peşəkarlığı və hazırlığı hər zaman yüksək qiymətə layiq görülüb. Beynəxalq tərəfdaşlarımız ordumuza etimad göstərir”.
Qeyd edək ki, Gürcüstanda Müdafiə Qüvvələri Günü aprelin 30-da qeyd olunur. 1991-ci ilin bu günündə orduya ilk rəsmi çağırış başlayıb.
513 dəfə oxundu