Milli Məclisin iclasında Jirinovski tənqid edildi
Milli Məclisin iclasında deputat Sahib Alıyev Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskini tənqid edib.
Oxu.Az-ın məlumatına əsasən, S.Alıyev bildirib ki, V.Jironovskinin azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polisi dəstəkləməsi yolverilməzdir.
Deputat qeyd edib ki, V.Jirinovskinin həmin cinayətlə barışmaq istəməyən azərbaycanlıların Rusiyadan çıxıb getməsi tələbini səsləndirməsi ayrı-seçkiliyin təzahürüdür.
“Yaxşı olar ki, Jirinovski diqqəti Soçiyə yönəltsin. Soçidə haylar (ermənilər) vaxtı ilə cinayətlər törədiblər. Erməni terrorundan əziyyət çəkən ölkələrdən biri də Rusiyadır”, - deyə S.Alıyev bildirib.
O, V.Jirinovskinin stəkanda fırtına yaratdığını deyib.
Qeyd edək ki, bu ilin mayın 28-də Novosibirsk vilayətinin Moşkovski rayonundakı R-255 “Sibir” magistral yolunun 61-ci kilometrliyində axşam saatlarında yol polisi müfəttişi şəxsiyyətini müəyyənləşdirmək üçün şəxsi xidməti avtomobilə apararkən gənc müqavimət göstərib və səlahiyyətlərindən kənara çıxan polis məmuru 19 yaşındakı gəncə zor tətbiq edib.
Rusiya mediası yazır ki, polis xidməti tapançasını çıxararaq təsadüfən tətiyi çəkib və Vəkil Abdullayev başından güllə yarası alıb.
Zərərçəkənin mayın 30-da xəstəxanada öldüyü qeyd olunub.
Qətli törədən polis Aleksandr Qusev isə şərti azadlığa buraxılıb.
Vəkil Abdullayev Gürcüstanın Dmanisi rayonunun Gəyliyən kəndində dəfn edilib.
1 342 dəfə oxundu