İsrail Fələstinə kredit verəcək

İsrail Fələstinə kredit verəcək
İsrailin müdafiə naziri Benni Qantz ölkəsinin Fələstin Administrasiyasını dəstəkləmək və fələstinlilərin gündəlik həyatını asanlaşdırmaq üçün bir sıra addımlar atacağını açıqlayıb.

APA-nın “Times of Israel”ə istinadən verdiyi xəbərə görə, bu barədə açıqlama dekabrın 28-də Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla Benni Qantz arasında baş tutan görüşdən sonra verilib.

Bildirilib ki, Fələstin Muxtariyyətinin gedərək artan büdcə kəsirini azaltmaq üçün İsrailin Ramallah adından topladığı vergi gəlirləri əsasında Fələstinə 32,2 milyon dollar kredit verəcək.

B. Qantz deyib ki, İsrail həmçinin İordan çayının qərb sahilində və Qəzzada yaşayan 9500 sənədsiz fələstinli və əcnəbi vətəndaşın statusunu qanuniləşdirəcək.

Başqa bir İsrail rəsmisinin sözlərinə görə, Benni Qantz Mahmud Abbasla görüşdə bildirib ki, yanacaq ödənişlərin azaldılması və gəmi konteynerlərinin Allenbi körpüsü vasitəsilə İordaniyadan Qərb Sahilinə daxil olmasına icazə verən pilot proqram da daxil olmaqla, bir sıra iqtisadi tədbirlər nəzərdən keçirilir.

Xatırladaq ki, dekabrın 28-də Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas İsrailin müdafiə naziri Benni Qantzla görüşüb. Görüş Tel-Əviv yaxınlığındakı Roş Haayində yerləşən Benni Qantzın evində baş tutub. 10 ildən artıq müddətdən sonra ilk dəfə idi ki, Mahmud Abbas yüksək rütbəli İsrail rəsmisi ilə İsraildə görüşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3 182 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...