Rusiyada Navalnının yazdıqlarını “layk” edən polisləri işdən çıxarırlar

Rusiyada Navalnının yazdıqlarını “layk” edən polisləri işdən çıxarırlar

Bir ildir həbs həyatı yaşayan Rusiya müxalifətinin lideri Aleksey Navalnı sosial mediada yazılar yerləşdirməyə imkan tapir. Minlərlə oxucusu onun həbsxanada yaşadıqlarını yaxından izləyir. Həmin şəxslərin arasında hətta polislər də var.
Bizimyol.info xəbər verir ki, Rusiyada Navalnının sosial mediada yazdıqlarını bəyənən polisləri işdən çıxarmağa başlayıblar. Ölkənin Daxili İşlər Nazirliyinin “layk” edənlərin kimliyini dəqiqləşdirmək üçün xüsusi qrup yaratdığı bildirilir. Navalnını bəyənənlərdən kimin polis olduğu dəqiqləşsə, həmin şəxs işdən çıxarılır.


Rusiya Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentindən mətbuatın sorğusuna cavab olaraq bildiriblər ki, kiminsə siyasi neytrallığı qorumadığına görə işindən kənarlaşdırılması mümkündür. Nazirlikdən polis əməkdaşlarının dövlət orqanlarının ünvanına ittihamlar səsləndirməsinin yolverilməz olduğunu deyiblər. Rusiya Daxili İşlər Nazirliyi həmin şəxslərin xidmət intizamını pozduğunu iddia edib.

Yanvarın ilk günlərində müstəqil media müxalifətçilərin sosial şəbəkələrdəki statuslarını bəyənənlərin təzyiqə məruz qaldığını yazmışdı. Bildirildiyinə görə, azı 10 polis əməkdaşı “layk” etmək üzündən işini itirib. Onları könüllü işdən çıxmaq barədə ərizə yazmağa məcbur ediblər. Bundan boyun qaçıranlara uyğun maddə ilə qovacaqlarını deyiblər. Mətbuata anonimliyi qorumaq şərti ilə danışanlar məcburiyyət qarşısında ərizə yazdıqlarını bildiriblər.

Hamıdan əvvəl Tomsk polisindəki işindən məhrum edilən Yuliya Suvorova haqsızlıqla üzləşdiyini ictimailəşdirmişdi. O, 2021-ci ilin noyabrında hakimiyyəti tənqid etdiyinə görə işindən olmuşdu. Onda Suvorovanı rəhbərliyin yanına apararaq könüllü ərizə yazmağı tələb etmişdilər. Rusiya Daxili İşlər Nazirliyi qovulanların hər birini xidməti intizamı pozmaqda ittiham edərək vəziyyətdən çıxmağa çalışır.

Aleksey Navalnıya qarşı 2020-ci ilin avqustunda sui-qəsd hazırlanmışdı. Zəhərlənən müxalifətçinin həyatını Almaniyada xilas etmək mümkün olmuşdu. 2021-ci ilin yanvarında vətənə qayıdan Navalnı hava limanında həbs edilmişdi. Rusiya müxalifətinin lideri 2 il 8 ay ümumi rejimli cəzaçəkmə müəssisəsində qalmağa məhkum olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
682 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...