Məktəbliləri şaxtalı havada çölə çıxarıb “Z” şəklində düzdülər
Ermənistanın Gümrü şəhərindəki rus məktəbinin 13-14 yaşlı şagirdləri Ukraynadakı müharibə barədə yalnız xəbərlərdən eşidiblər və bu səbəbdən də Ukraynaya müdaxilə edən hərbi texnikanın üstündə yazılan “Z” simvolu haqqında anlayışa malik deyillər. Buna baxmayaraq Gümrü məktəbinin şagirdlərini məktəb həyətində, şaxtalı bir havada “Z” hərfi şəklində düzüblər. Bu haqda “Azadlıq” radiosunun erməni xidməti yazır.
Xəbər verilir ki, məktəbin müdiriyyəti uşaqlara həm də üzərində “Z” yazılmış vərəqlər paylayıb. Uşaqlar Ukrayna müharibəsindən minlərlə kilometr aralıda olan Gümrüdə bu tədbirin kim tərəfindən təşkil olunduğunu, onların şəkillərinin niyə çəkildiyini və internetdə niyə yayıldığını bilmirlər. 19 nömrəli rus məktəbi Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ərazisində yerləşir və Rusiyanın Müdafiə Nazirliyinin tabeçiliyindədir.
Rusiya Müdafiə Nazirliyinin icazəsi olmadan bu bazanın ərazisində hər hansı çəkilişin aparılması qadağandır. Bu səbəbdən məktəbin direktoru Azatutyunla danışmaq istəməyib. Amma yuxarı sinif şagirdlərindən bəziləri anonim şəkildə danışmağa razılıq veriblər. Onlardan biri deyib: “Bizi yığdılar. Məktəbdə bu işləri təşkil edən bir nəfər var, şənlikləri filan... O bizi həyətə toplayıb şəkillərimizi çəkməyə başladı. Uşaqlara üzərində “Z” yazılmış vərəqlər paylanmışdı. Sonra uşaqları “Z” hərfi kimi düzdülər”.
Məktəbdə Rusiya hərbçilərinin uşaqları ilə yanaşı erməni uşaqlar da oxuyur. Gümrüdəki “Asparez” jurnalist klubunun sədri Levon Barseqyan deyib ki, valideynlərin narahat olmaq üçün əsasları var, beləki onların övladlarından Rusiya təbliğatı üçün istifadə edilib: “Bu tədbirin keçirilməsi göstərir ki, Rusiya Federasiyası təbliğat məsələsində heç nədən çəkinmir. Onlar üçün düzgün olmayan nəsə yoxdur. Onlar uşaqlardan müharibəyə haqq qazandırmaq üçün istifadə edirlər. Məncə bu uşaqların valideynləri yaxşı-yaxşı düşünməlidirlər”.
Gümrü ağsaqqallar şurasının keçmiş üzvlərindən biri Azatutyuna deyib ki, rəsmi Yerevan belə tədbirlərin onun mövqeyi kimi anlaşılmaması üçün hərəkət etməlidir: “Məncə Ermənistan hakimiyyəti bazanın komandanlığı ilə bir balaca söhbət aparmalı, onları uşaqları belə tədbirlərə cəlb etməkdən çəkindirməlidir. Bu gün Rusiya səfirliyinin qarşısında təcavüzkar müharibəni dəstəkləyən hansısa yürüşlər, mitinqlər təşkil edirlər. Sabah da götürüb maşınlara Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən plakatlar yapışdırarlar. Bunu nəzərə almaq lazımdır. Burda yol polisinin də, Ermənistan hökumətinin də görməli olduğu tədbirlər var. Bazanın infrastrukturunda daha nələr toqquşdurulacağını, onların ağıllarına daha nələrin gələ biləcəyini oturub gözləmək olmaz. Onlara demək lazımdır ki, “gedin öz hərbi hissənizdə şadlıq edin, bizim şəhərimizi, ölkəmizi bu təcavüzkar müharibəyə qatmayın””.
Bu, Ermənistanda keçirilmiş yeganə təbliğat tədbiri deyil. Həftənin əvvəllərində Rusiyanın Yerevandakı səfirliyinin qarşısında Ukraynaya müdaxiləni dəstəkləyən kiçik aksiya keçirilib. Bir həftə bundan əvvəl isə Kremlin təbliğat maşının rəhbərləri, o cümlədən RT-nin redaktoru Marqarita Simonyan öz sosial şəbəkə səhifələrində postamentində qırmızı işıqlarla “Z” yazılmış Ana Ermənistan abidəsinin videosunu paylaşıblar. Bu video “Z” hərfi ilə başlanıb “V” hərfi ilə bitir. Ukraynaya müdaxilə edən Rusiya hərbi texnikasının üstündə bu hərfin də yazıldığını görmək olar.
Lakin Yerevanda bu günlərdə Rusiyaya qarşı da aksiya keçirilib, yüzlərlə erməni millətçisi Putinin ünvanına təhqiramiz şüarlar səsləndiriblər.
2 449 dəfə oxundu