Rusiyaya tətbiq olunan sanksiyalar hansı ölkələrə ziyan vurub? – TƏHLİL

Rusiyaya tətbiq olunan sanksiyalar hansı ölkələrə ziyan vurub? –
Sanksiyalar nədir? Bu, bəzi sahələrdə əməkdaşlığın kəsilməsidir. Amma əməkdaşlıq qarşılıqlı fayda deməkdir. Ona görə də əməkdaşlığın dayandırılması qarşılıqlı zərərə səbəb olur. Necəki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar eyni səviyyədə Avropaya ziyan vurur.

ABŞ son 40 ilin şokunu yaşayır

Rusiya çox böyük və güclü iqtisadi resurslara malik olduğu üçün düşdüyü bataqlığa Avropanı və hətta ABŞ-ı çəkir. Məsələn, son 4 ayda ABŞ-da bir qallon qazın və benzinin qiyməti 5 dolları keçib. Bu Amerikanın son 40 illik tarixində üzləşdiyi ən qorxulu qiymət artımıdır. Bəllidir ki, enerji daşıyıcılarının qalxması bütövlükdə iqtisadiyyatı tormozlayır.

Avropa dağılmağa məhkumdur

İnflyasiya sürətlə yüksələrək Avropada və ABŞ-da onilliklər ərzində görünməmiş səviyyəyə - 7-9%-ə çatıb. Avropalı investorlar avro və ingilis funt sterlinqinin dollara nisbətdə ucuzlaşmasına görə öz əmanətlərini və investisiyalarını Avropadan ABŞ-a köçürürlər. Avrozona üzvləri ABŞ-ın maliyyələşdirdiyi sanksiyaların yaratdığı inflyasiya depressiyasının öhdəsindən gəlmək üçün daxili büdcə kəsirlərini artıq idarə edə bilmirlər. Buna görə də Avropa dağılmağa məhkumdur.

Ukraynaya ən böyük dəstək verən Böyük Britaniyada son 4 aydakı infilyasiya 10 faizə yaxınlaşıb. İngilis mütəxəssislərinin hesablamalarına görə 2023-cü ildə Böyük Britaniyada ÜDM-də heç bir artım olmayacaq. Almaniya kansleri Olaf Şolz etiraf edir ki, Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaların Almaniya iqtisadiyyatı üçün öz zərəri və xərcləri var. Rusiyadan qaz nəqlinin tam dayandırılması Almaniya üçün sadəcə fəlakət olar.

Çünki, Almaniya ehtiyaclarının 50 faizini Rusiya qazının hesabına ödəyir. Və yaxud avtomobil sənayesində istifadə olunan nikelin 70 faizini Almaniya Rusiyadan alır. Mövcud iqtisadi əlaqələrin tam kəsiləcəyi təqdirdə Almaniyanın avtomobil sənayesi ciddi ziyan görə bilər. Çünki, elektromobillərin istehsalında nikel xüsusi əhəmiyyət daşıyır.

Bir-sıra dövlətlər hələ əvvəlki sanksiyaların şokundan çıxa bilməyib

Avstriya İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, hələ əvvəlki sanksiyalara görə 2014-2016-cı illərdə Avropa İttifaqından Rusiyaya ixrac 10,7% (30 milyard avro) azalıb. Bununla bağlı ən çox itkiyə Kipr (-34,5%), Yunanıstan (-23,2%) və Xorvatiya (-21%) məruz qalıb. Almaniyadan Rusiyaya ixrac isə 13,4% (11,1 milyard avro) azalıb.

Bundestaqın "Almaniya üçün Alternativ" partiyasından olan deputatı Markus Frohnmaier Almaniyanın məhdudlaşdırıcı tədbirlərə görə Avropada hamıdan çox əziyyət çəkdiyini bildirib.

Kiel Universitetinin məlumatlarına istinad edərək, o, Almaniyanın itkilərinin Aİ dövlətlərinin vurduğu bütün zərərin 40%-ni təşkil etdiyini bildirib. O əlavə edib ki, ölkə hər ay 618 milyon avro (ildə 7,4 milyard avro) itirir. İtaliyanın gündəlik itkisi isə 7 milyon avro, yəni ildə 2,5 milyard avro təşkil edir.

Məlumdur ki, müharibə başlayandan sonra dünya bazarında neftin qiyməti 2 dəfəyə yaxın, qazın qiyməti isə 5 dəfədən çox artıb. Bu hesaba da Rusiya neft-qaz ixracından sutkada 900 milyon dollar qazanır. Bu da ötən ilki dövrlə müqayisədə 30 faiz çoxdur.

Aparıcı Avropa dövlətləri geri çəkilir

Göründüyü kimi Avropa ölkələrinə Rusiyaya qarşı sanksiyaların dərinləşdirilməsi sərf eləmir. Əksinə əksər Avropa ölkələri Rusiya ilə münasibətlərin sağlamlaşdırılmasında maraqlıdır. Artıq bəzi ölkələr bu istiqamətdə prinsipial fəaliyyətə başlayıblar. Almaniya, Fransa, İtaliya və Macarıstan Rusiya ilə anlaşmanın tərəfdarı olduqlarını qətiyyən gizlətmir.

İtaliya Kremllə anlaşma üçün hətta Ukrayna ərazilərinin bir hissəsini Rusiyaya verilməsini təklif edir. Eyni təklifə Fransa və Almaniya da dəstək verir.

Məsələnin siyasi tərəfindən daha çox iqtisadi tərəfi avropalıları narahat edir. Müharibənin başlaması ilə Qərb Rusiyaya qarşı hər cür sanksiyalar tətbiq etdi. Yüz minlərlə yük və sərnişin qatarı, dəniz, çay və təyyarələr dayandı. Ticarət demək olar ki, dayanıb. Bəzi beynəlxalq brendlər Rusiyadakı nümayəndəliklərini bağlamaq məcburiyyətində qaldılar, qalanları isə böyük təzyiq altındadır.

Rusiya dünyanı ərzaq qıtlığı ilə hədələyir

Ən başlıcası isə bu müharibə dünyada ərzaq böhranına səbəb olub. Maraqlı odur ki, Rusiya dünyada ən çox ərzaqlıq buğda istehsal edən 3 ölkədən biridir. Moskva sanksiyalara qarşı dünyanı təkcə enerji daşıyıcılaırnın deyil, taxıl qıtlığı ilə hədələyir.

Elə isə uzanan müharibə və artan sanksiyalar qarşılığında kim daha çox ziyan görəcək Qərb, yoxsa Rusiya? İndiki reallıqlar onu göstərir ki, Avropa daha tez ağ bayraq qaldıracaq. Avropa parçalanmamaq və ayaqda qalmaq üçün sadəcə buna məcburdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 033 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...