"Nə tapşırırlarsa, onu deməklə məşğuldur" - YAP-dan Əli Kərimliyə cavab
Mərkəzi Bank üzən məzənnə rejiminə keçdikdən sonra manatın dollar və avro qarşısında 50 faizə qədər dəyərini itirməsi hələ də gündəm mövzusudur. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli hökumətə anti-böhran planı təklif edib. Həmçinin o, hökuməti səriştəsizlikdə və bacarıqsızlıqda ittiham edib. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az-a açıqlamasında Əli Kərimlinin iradlarına cavab verib.
O deyib ki, AXCP sədrindən bundan artıq bir şey gözləmək olmazdı. “Çünki bu adam heç vaxt öz fikrini demir. Ona nə tapşırırlarsa, onu deməklə məşğuldur. Dolların qalxması ilə əlaqədar milli valyutaların ucuzlaşması bütün dünyada baş verir. Çində, Türkiyədə, Rusiyada, Qazaxıstanda və digər ölkələrdə milli valyutalar devalvasiyaya uğradı. Bu, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədardır. Həmçinin dolların məzənnəsinin qalxması ilə digər valyutalar üzən məzənnə rejiminə keçir və milli valyutalar ucuzlaşır”.
YAP funksioneri bildirib ki, Əli Kərimlinin dediklərində nə elmi, nə iqtisadi, nə də siyasi faktorlar var. “Əli Kərimlinin dediklərinin heç bir məntiqi yoxdur. Sadəcə olaraq populist çıxış edib qəzet səhifələrində qalmaq istəyir”.
1 064 dəfə oxundu