“Xəzər Lənkəran” 600 min dollar borcu ödəməlidi, əks halda... - Klubdan açıqlama
“Xəzər Lənkəran”a yenidən sanksiyalar tətbiq oluna bilər. Sabiq bolqarıstanlı futbolçusu Qalin İvanova 250 min dollar ödəməli olan cənublular yanvar ayının sonuna qədər qeyd olunan məbləği ünvanına çatdırmasa, hesabından 6 xal silinə bilər.
Ali futbol qurumu ödəniş üçün yanvar ayının sonuna qədər “ağ-yaşıllar”a vaxt verib. Bu isə o deməkdi ki, cənub klubu yenidən ciddi sanksiya ilə üz-üzədi.
“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məsələylə bağlı Komanda.az-a açıqlamasında bunları dedi: “Yanvarın sonuna qədər ödəməli olduğumuz cərimələr var. Ödənişlər nə qədər tez edilsə, o qədər yaxşıdı. Çünki məbləğlərin üstünə müəyyən faizlər də gəlir. Bundan əlavə, FİFA-nın İntizam Komitəsi də məsələni araşdırıb kluba sanksiya tətbiq edə bilər. Borcların bir qismi bu ay ərzində ödənməlidi, bir qismi isə sonrakı tarixlərdə ödənilə bilər.
Bütün futbolçuların vəkilləriylə sıx əlaqədəyik, ortada tam anlayış var. Amma sözsüz ki, əsas şərt borcların ödənilməsidi. Yəni deyək ki, ümumi 600.000 dollardı, onun ən azı 1/3 hissəsi bu ay ödənməlidi”. Xatırladaq ki, FİFA tərəfindən bir müddət əvvəl də “Xəzər Lənkəran”a sanksiya tətbiq olunmuşdu. Həmin sanksiyaya görə “ağ-yaşıllar” bu ilin yanvarına kimi yayda transfer etdikləri yeni futbolçuların heç birinin xidmətindən istifadə edə bilmədi.
948 dəfə oxundu