“İranın xüsusi xidmət orqanlarını Qarabağa Volkov gətirib” - Generalın qəfil gedişinin pərdəarxası
“Azərbaycanda müvəqqəti yerləşən sülhməramlı qüvvələrin kontingentinin komandanlığının dəyişməsi Rusiyanın daxili işidir və düşünürəm ki, bunun heç nəyə təsiri olmayacaq”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Hərbi ekspert Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının dəyişdirilməsinə münasibət bildirib.
Xatırladaq ki, hazırkı general-mayor Andrey Volkovun yerinə general-polkovnik Aleksandr Lentsov müvafiq posta təyin olunub.
Ş.Ramaldanovun fikrincə isə hər bir dəyişikliyin özünün səbəbi və məqsədi var:
“Hazırda Rusiya sülhməramlı qüvvələrinə kimin komandanlıq etməsindən asılı olmayaraq, o şəxs müstəqil qərar qəbuletmə səlahiyyətinə sahib deyil və olmayacaq da. Hər bir şəxs bölgədə Rusiyanın maraqlarını həyata keçirməklə alınan sərəncamları və əmrləri yerinə yetirir. Ona görə də Lentsov da sələfləri kimi regionda Rusiyanın maraqlarından irəli gələn addımları atacaq”.
“Biz bilirik ki, hazırkı komandan general-mayor Andrey Volkov çoxlu söz söhbətlərə və əsaslı narazılıqlara səbəb olan fəaliyyəti ilə seçilib. Hətta deyərdim ki, Rüstəm Muradov, Mixail Kosobokov və Gennadi Anaşkindən fərqli olaraq ən çox narazılıq məhz Andrey Volkovun dövründə olmuşdur. Təbii ki, Azərbaycanın siyasi rəhbərliyi də dəfələrlə bununla bağlı Rusiya tərəfinə öz etiraz notalarını çatdırıb.
Hər halda, Volkovun fəaliyyətinə və onun dövründə yaranmış vəziyyətə baxanda düşünürəm ki, Volkovun buradan getməsi Azərbaycan rəhbərliyinin ona olan mənfi münasibətindən irəli gəlir. Hətta Azərbaycan tərəfi ona sülhməramlı komandanlığın rəhbəri kimi görmək istəmədiyini də söyləyib”, – əlavə edib.
Polkovnik xatırladıb ki, biz general-mayor A.Volkovun dövründə həm silah-sursatın daşınması, həm də ki, Ermənistandan gətirilən şəxsi heyətin Qarabağa rotasiyasının şahidi olduq:
“Hətta arzuolunmaz şəxslərin başqa-başqa ölkələrdən Qarabağa gəlməsi, generalın separatçılarla əlaqəsinin olması, minaların, eləcə də silah-sursatın gətirilməsi, Ruben Vardanyanla olan yaxınlığı, təbii sərvətlərimizin qanunsuz istismarına şahidlik və şəriklik etməsi, Pirlər kəndində yerləşən üzüm plantasiyalarına şərik çıxması və İranın xüsusi xidmət orqanlarının əməkdaşlarının Qarabağ ərazilərinə gəlməsi Volkovun əməlləridir. Hələ bu siyahını bir xeyli uzatmaq da olar. Bunların hamısı isə Rusiya sülhməramlı qüvvələrin yerinə yetirməli olan funksiyaya aidiyyəti olmayan addımlardır. Bu barədə sosial şəbəkələrin erməni seqmentində müzakirələr səngimən bilmir”.
Hərbçi aydınlaşdırıb ki, Volkov bölgədə sülhməramlı qüvvələrin fəaliyyətini kommersiyaya döndərmişdi:
“Hətta o, Qarabağda “parket generalı” ləqəbi ilə də tanınıb. Əlbəttə ki, bu faktlar Azərbaycan və Rusiya prezidentlərinin ikili münasibətləri fonunda da gözdən qaçmayıb. Ona görə də artıq Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu addımı atdı və Volkovu Aleksandr Lentsovla əvəzlədi.
Hər halda 66 yaşlı komandan yeni bir şəraitdə regiona gəlir. Lentsovun keçdiyi yola nəzər salanda görmək olar ki, o, çox təcrübəli bir general-polkovnik, hər cəhətdən müsbət xarakterizə olunan bir şəxsdir. Düşünürəm ki, onun şəxsi xüsusiyyətləri general-mayor Volkovun xüsusiyyətlərindən fərqlənir”.
Ehtiyatda olan polkovnik diqqəti ona da yönəldib ki, bu gün Azərbaycan tərəfindən atılan addımlar, Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə nəzarətin getdikcə gücləndirilməsi, ekofəalların aksiyaları, Xankəndi və ətraf ərazilərdə yaşayan Qarabağ ermənilərinin separatçı rejimə qarşı olan inamlarının azalması və digər faktorlar, o cümlədən Azərbaycan tərəfindən həyata keçirilən sürətli inteqrasiya tədbirləri sözsüz ki, gələcəkdə Azərbaycanın Qarabağın dağlıq hissəsində də öz yurisdikiyasını təmin edəcəyindən xəbər verir.
510 dəfə oxundu