Talıbovların 94 milyonluq bankını bu şəxslər alıb - Dosye

Talıbovların 94 milyonluq bankını bu şəxslər alıb -
Xəbər verdiyimiz kimi, uzun illərdən sonra “Naxçıvanbank” ASC-nin səhmdarlarının adları açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, 2008-ci ildən dövlət qeydiyyatına alındıqdan sonra “Naxçıvanbank” ASC səhmdarları haqqında məlumatları açıqlamayıb.
15 ildən sonra – 2022-ci il üçün açıqlanan maliyyə hesabatında bank səhmlərinin 63,66%-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbova, 20,48%-nin Talıbovun digər oğlu Seymur Talıbova, 9,82%-nin qızı Baharxanım Talıbovaya, 6,04%-i isə həyat yoldaşı Sevil Sultanovaya məxsus olduğu qeyd olunub.
Açıqlanan maliyyə hesabatında həmçinin qeyd olunub ki, bu ilin fevral ayının 1-də Talıbovun ailə üzvləri “Naxçıvanbank” ASC-dəki səhmləri satıblar.
Hazırda 94 milyon manat nizamnamə kapitalı olan bankın maliyyə hesabatında bildirilir ki, bankın yeni səhmdarları Hüseyn Məmmədov Yaşar oğlu (63,66%), Rüfət Məmmədov Əhədağa oğlu (26,52%) və Binnət Novruzov Yasin oğludur (9,82%).
“Naxçıvanbank” ASC-nin əsas səhmdarı olan Hüseyn Məmmədov kim olması haqqında məlumat yoxdur. Bu şəxs ictimaiyyət arasında tanınan biri deyil. Hüseyn Məmmədov bankın digər 2 səhmdarından fərqli olaraq Müşahidə Şurasında da təmsil olunmur.
Müşahidə Şurasında yer alan digər 2 səhmdar isə kifayət qədər tanınmış şəxslərdir.
Bank səhmlərinin 26,52%-nə sahib olan Rüfət Məmmədov daha əvvəl ölkənin aparıcı şirkətlərindən olan “Gilan” Holdinqdə İdarə heyətinin sədr müavini olub. Daha sonra “Gilan”a bağlı olan “Azər-Maya” ASC-nin İdarə Heyətinə sədr təyin edilib.
R.Məmmədov Azərbaycanın Tibb Universitetində mikrobioloq kimi magistr dərəcəsinə 2007-ci ildə yiyələnib. 2020-ci ildə İsveçrənin Montre Biznes Məktəbində MBA dərəcəsinə yiyələnib.
O, iş karyerasına yüksəlişə Danimarkanın Bakıdakı pivə istehsal edən törəmə şirkəti “Carlsberg Azerbaijan” şirkətində 2010-cu ildə direktor müavini kimi yiyələnib. İki il sonra, yəni 2012-ci ilin sentyabrında zavod direktoru təyin edilib.
Üç il sonra (2015 – sentyabr) “Gilan Holdinq”ə Əməliyyat direktoru kimi gəlmiş, 2016-cı ilin noyabrından 2020-ci ilin sentyabrına qədər isə həmin holdinqdə İdarə Heyəti sədrinin 1-ci müavini olub.
“Naxçıvanbank” ASC-nin səhmlərinin 9,82%-nə sahib olan Binnət Novruzov isə əvvəllər “Rabitəbank” ASC-də baş direktor olub.
Eyni zamanda bankın Müşahidə Şurasının sədri olan Binnət Novruzov 1981-ci ildə anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.
2007-2008-ci illərdə “Unibank” ASC-də, 2009-2010-cu illərdə “Bank of Baku” ASC-də çalışıb. 2016-2021-cı illərdə “Rabitəbank” ASC-də baş direktor olub.
Binnət Novruzov 2021-2022-ci illərdə Dubayda (BƏƏ) fəaliyyət göstərən “SOCAR Overseas Ltd” şirkətində direktor müavini olub.
“Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının yeni sədri hazırda İngiltərnin Mançester Universitetində magistr təhsili alır.
Onu da xatırladaq ki, Binnət Novruzov 2016-2021-cı illərdə baş direktor olduğu “Rabitəbank” ASC-nin əsas səhmdarı Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğludur.
1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 40,6%-i Rauf Əliyevə məxsusdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
488 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...