Rauf Vəliyevin sədri olduğu quruma qarşı protokol tərtib olundu: Xariclə valyuta əməliyyatı… (AÇIQLAMA)

Rauf Vəliyevin sədri olduğu quruma qarşı protokol tərtib olundu:
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində müvafiq qurum tərəfindən iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

İş Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatındadır.

Qeyd edək ki, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevdir.

***

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC xəbərə münasibət bildirib. Qaynarinfo-ya göndərilən açıqlamanı olduğu kimi dərc edirik:

“Qaynarinfo.az” saytında 6 fevral 2024-cü il tarixində dərc olunan xəbərlə bağlı bildiririk ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) üçün metal lövhələrin alınması məqsədilə Ukraynanın Mariupol şəhərində yerləşən metal istehsalı zavodu ilə ASCO arasında 17 yanvar 2022-ci il tarixində müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, alınan malların bir hissəsi tədarük olunsa da, digər hissəsi 2022-ci ilin fevralında Ukraynada baş vermiş və indiyədək davam edən müharibəyə, habelə Mariupolda yerləşən ən böyük metallurgiya zavodu olan “METINVEST-SMC” LLC –nin dağıdılmasına görə tədarük edilməmişdir. Başqa sözlə, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, fors-major hadisəsi hesab olunan hərbi əməliyyatlar səbəbindən alınmış malların tam həcmdə çatdırılması mümkün olmamışdır. Məhz, fors-major hadisəsi olduğundan xarici valyuta əməliyyatı ilə bağlı məhkəmə barədə məlumatların yayılması təəssüf doğurur.

Onu da qeyd edək ki, bu fors-major hadisə ilə əlaqədar aidiyyəti banka, o cümlədən Mərkəzi Banka məlumatın verilməsi təmin olunmuş və yaranmış vəziyyət izah edilmişdir.

Bununla belə, nəzərinizə çatdıraq ki, hazırda malların qalan hissəsinin çatdırılması imkanları araşdırılır. Bu məqsədlə istehsalçı şirkətlə danışıqlar aparılır, müxtəlif variantlar müzakirə olunur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
378 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...