"İbtidai icma cəmiyyətində turizm"- Millət vəkilindən tənqid
“Sonra deyirlər ki, bu yalançı vətənsevərlərin, qondarma tarixçilərin üzərinə niyə gedirsən? Mövzuya baxın: "Amerikanın kəşfində Azərbaycan elminin rolu". Mən hələ 21-ci əsrdə dünya elminin hüdudları içində Azərbaycan elminin rolunun nədən ibarət olduğunu müəyyənləşdirə bilməmişəm, adamlar 15-ci əsrdə baş verən Amerikanın kəşfində Azərbaycan elminin rolundan danışırlar”. Modern.az saytı xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib.
Fazil Mustafa vurğulayır ki, orta məktəb dərsliyində bu tezisin qorunması, övladlarımızın vətənpərvər yetişməsi iddia olunur: “Sabah biri də götürüb "Amerikanın kəşfində AMEA-nın tarixçilərdən ibarət ekspedisiyasının rolu" mövzusunda dissertasiya müdafiə edəcək. Əsas iddia mətni bundan ibarətdir ki, Xristofor Kolumb Amerikanı necə kəşf etmənin yollarını Nəsrəddin Tusinin əsərlərindən öyrənib və Nəsrəddin Tusi də Azərbaycan alimi olduğuna görə dolayısiyla Azərbaycan elminə vaqif olaraq bu qədər möhtəşəm kəşfi gerçəkləşdirib. Bəlkə mən yanlış düşünürəm, hansı ağlı başında olan alim Nəsrəddin Tusinin irsini ümumiləşdirib Azərbaycan elmi adlandıra bilər? 13-cü əsrdə kimsə, hansısa qaynaqda Azərbaycan elmi ifadəsinə rast gəlibmi? Kolumb harada deyib, yaxud da hansı mənbədə yazılıb ki, o Tusinin irsindən faydalanıb? Bir dəfə hörmət etdiyim ziyalılardan biri ürək yanğısı ilə bir dissertasiya mövzusunun adı barədə mənə söyləmişdi, xeyli gülmüşdüm. "İbtidai icma cəmiyyətində turizm". Halbuki ibtidai insan cəmiyyətində hər kəs hara istədi putyovkasız gedə bilərmiş və burada turizmin nədən ibarət olduğunu tədqiq etmək həqiqətən də xeyli marağımı cəlb etmişdi. Neft pullarının fontan vurduğu vaxtlarda Bakıda ölkənin tanınmış titullu iqtisadçıları konfrans keçirirdilər: "İqtisadiyyatın Azərbaycan modeli". İndi bu mövzunu dilə gətirən yoxdur, çünki ad seçiminin nə qədər absurd olduğunu az keçməmiş hamı anlamış oldu. Sözümün canı budur ki, hansısa mövzunu müzakirə edəndə, yalançı vətənpərvərlik havasında ad seçməyin, sadəcə ağıl işlədərək mövzunun mahiyyəti ilə uzlaşan inandırıcı ad tapın ki, devalvasiyaya uğramış Azərbaycan manatı qədər hörmətiniz aşağı düşməsin”.
937 dəfə oxundu