Qripə qarşı peyvənd neçəyə başa gəlir?

Qripə qarşı peyvənd neçəyə başa gəlir?


Qrip vaksinin tərkibində H1N1-ə qarşı komponent var, ona görə Azərbaycanda da insanların özlərini bu vaksinlə qripə qarşı peyvənd etdirməsi lazımdır.

Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini, professor Həqiqət Qədirova deyib.

H.Qədirova bildirib ki, qripə qarşı peyvəndin payızda - təxminən oktyabr ayında edilməsi daha məsləhətlidir: “Azərbaycanda hər il olduğu kimi, bu il də qripə qarşı peyvənd edənlər var. Azərbaycanda bu günə kimi H1N1 virusuna yoluxma halı qeydə alınmayıb. Ona görə indi də peyvənd etdirmək olar”.

H.Qədirova qeyd edib ki, peyvənd edildikdən 2-3 həftə sonra orqanizmdə qripə qarşı 1 il müddətinə immunitet yaranır.

Onun sözlərinə görə, heç bir peyvənd orqanizmi 100 faiz virusdan müdafiə etmir. Qripə qarşı peyvənd də orqanizmi 80 faizədək qrip virusundan müdafiə edə bilər. Qalan faiz isə orqanzimin özünün müdafiə qabiliyyətindən, immunitetindən, həyat tərzindən asılıdır: “Vaksin orqanizmi 80 faizə yaxın müdafiə edir. Çünki bu vaksin tam olaraq, indi dövr edən virusdan hazırlanmayıb. 2009-cu ildə olan və həmin vaxt “donuz qripi” adı verilən virus indi bir qədər dəyişib. Virus hər il bir qədər dəyişir. Ümumdünya Səhiyyə Təşkilatı da tövsiyə edib ki, vaksinlər 4 komponentli olmalı və onun tərkibində H1N1 virusuna qarşı komponent olmalıdır. Ona görə də demək olmaz ki, qripə qarşı peyvəndin əhəmiyyəti yoxdur”.

H.Qədirov deyib ki, vaksinasiya olunmadıqda hər 10 xəstədən 7-8-i xəstələnirsə, vaksinasiya olunanda cəmi 3 nəfər yoluxur. Bu isə çox böyük fərq hesab edilir.

Qripə bənzər simptomlarla keçən bütün xəstəliklərin qrip olmadığını nəzərə çatdıran İnstitutun direktor müavini onu da əlavə edib ki, hər hansı asqırma, öskürmə, burundan su axma, nasazlıq və s. qrip deyil: “Qrip kəskin başlayır. Artıq bir neça saata xəstə özünü çox pis hiss edir, temperatur 38 dərəcədən yüksək olur və qeyd edilən əlamətlər də özünü büruzə verir. Ümumdünya Səhiyya Təşkilatının məlumatına görə, hər il dünyada böyuklərin təxminən 5-10, uşaqların isə 20-30%-i mövsümi qripə tutulur. Bu qripi A(H1N1) va A(H3N2) virusları törədir”.

Qripə qarşı peyvənd neçəyə başa gəlir?

Trend-in apardığı araşdırmadan məlum oldu ki, Bakıdakı özəl klinikaların əskəriyyəti qripə qarşı peyvənd aparmır. Klinikaların bəziləri isə əvvəllər peyvənd aparsalar da, hazırda bu işi görmürlər. Onlar bunun səbəbini klinikalarındakı peyvəndin qurtarması ilə izah ediblər.

Klinikalar arasında keçirdiyimiz sorğu zamanı bəlli oldu ki, klinikaların bəzilərində qripə qarşı peyvəndin aparılması üçün peyvənd öncəsi həkim müayinəsinin aparılması tələb olunur. Bu şərt uşaqlara daha çox aiddir. Uşaqlarını peyvənd etdirmək istəyən valideynlər bunun üçün uşaqlarını ya özlərinin məsləhət bildikləri pediatrın müayinəsindən keçirməli və onun göndərişi əsasında klinikaya müraciət etməli, ya da elə müraciət etdiyi klinikanın pediatrının müayinəsindən sonra uşağını qripə qarşı peyvənd etdirməlidirlər. Ümumilikdə isə peyvənd etdirmək istəyənlərin sağlam olması lazımdır.

Peyvəndin qiymətinə gəldikdə isə, bu, klinikalarda fərqli qiymətlərə başa gəlir. Qripə qarşı peyvəndin qiymətləri uşaq və böyüklər üçün fərqli şəkildə müəyyənləşdirilib.

Araşdırmalarımız zamanı bəlli oldu ki, özəl klinikalarda bu yaxınlara qədər qripə qarşı peyvəndin ən aşağı qiyməti 12 manatdan (həkim müayinəsi üçün əlavə 10 manat tələb olunub) başlayıb, təxminən 20-25 manata da peyvənd etdirmək mümkün olub. Lakin həmin qiymətlərlə peyvənd edən klinikalar hazırda peyvənd işini aparmadıqlarını, yenidən peyvəndə başlayacaqları zaman isə bu qiymətin artmasının mümkünlüyünü bildiriblər.

Hazırda qripə qarşı peyvənd edən özəl klinikaların sayı isə çox azdır. Klinikalarda qripə qarşı peyvəndin hazırkı qiymətləri demək olar ki, 30-70 manat arasında dəyişir.

Qeyd edək ki, ÜST-nin Avropa Regional Bürosunun İctimai sağlamlığın təhlükəsizliyi və yoluxucu xəstəliklər bölməsinin direktoru Nedret Emiroğlunun Trend-ə bildirdiyinə görə, əhalinin bəzi qrupları – yaşı 65-dən çox olanlar, qocalar və əlillər üçün olan stasionar müəssisələrdə yaşayanlar, hamilə qadınlar, xroniki xəstələr, o cümlədən ürək, nevroloji xəstəlikdən əziyyət çəkənlər, 6 ayından 59 ayınadək (6 yaşadək) olan uşaqlarda “donuz qripi” xəstəliyinin ağır formada inkişaf etməsi ilə bağlı böyük risk var. Buna görə də ÜST bu insanların hər il qripə qarşı vaksin edilməsini tövsiyə edir.

ÜST rəsmisi qeyd edib ki, virusun yayıldığı ölkələrdə, xüsusilə gənclər, hamilə qadınlar arasında A/H1N1 qripindən ağır yoluxma və ölüm hallarının artımı gözlənilə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
935 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...