Zahid Oruc: “Yanğın faciəsi hökümətdə dəyişikliklərə səbəb olacaq”

Zahid Oruc: “Yanğın faciəsi hökümətdə dəyişikliklərə səbəb olacaq”

“Baş verən faciə idarəetmənin vəziyyətinə, qanunlara necə əməl olunmasına dair də testə çevrildi”

Millət vəkili: “Həqiqətən də ölkə başçısını əsəbləşdirən hallar köklü əsaslara malikdir”.

Mayın 19-da Binəqədi rayonu Azadlıq prospekti 200 ünvanda yerləşən çoxmərtəbəli binada baş verən faciəli yanğın hadisəsi diqqəti özbaşınalıq edən və korrupsiyaya bulaşaraq faciələrə yol açan məmurlara yönəldib. Prezident İlham Əliyev faciə ilə bağlı təşkil olunan komissiyanın iclasındakı çıxışında da baş vermiş hadisənin daha çox məmurların özbaşınalıqlarından və korrupsiyadan qaynaqlandığını göstərdi. Bəs cəmiyyətimiz üçün ciddi SOS siqnalı olan yanğın faciəsindən sonra hökümətdə və idarəetmədə hansısa islahatlar gözlənilə bilərmi?

Bu barədə PİA.AZ-a danışan deputat Zahid Oruc baş vermiş faciənin hökümətdə dəyişikliklərə səbəb olacağını düşünür:

“Son hadisə millətimizin mütəşəkkilliyi, birliyi, bir-birinə əl uzatması ilə müəyyən mənada dəf olunub. İtkiyə məruz qalan ailələrin kədəri bölüşdürülür, həmçinin də vurulmuş ziyannın aradan qaldırılması istiqamətində hökümətin müvafiq addımları atılmaqdadır. Burada ayrıca qeyd etmək lazımdır ki, yenə də ən böyük ağrını üzərinə götürən məhz dövlətin başçısı oldu. Təhlükəsiz, dinc zamanlarda sadəcə qurulucuq işləri ilə liderlik etmək ayrı hadisədir. Bu çoxlarına asan görünə bilər, amma belə itkilər anında ölkə rəhbərinin üzərində düşən missiya başqalarından çox fərqlidir. Sadəcə sarsılmaq, kədərini bildirməklə deyil, eyni zamanda çıxış yolları axtarmaqla, konkret istiqamətlər göstərməklə millətini səfərbər etməyi bacarmalıdır. Ölkə rəhbərinin mövqeyini sərt şəkildə təqdim etməsi müəyyən mənada o ağrını millətin içərisindən çıxarır və eyni zamanda gələcəyə olan ümidi yenidən artırdı. Həmçinin hökümət orqanları arasındakı əlaqələrə, oradakı idarəetmənin vəziyyətinə, qanunlara necə əməl olunmasına dair də testə çevrildi. Həqiqətən də ölkə başçısını əsəbləşdirən hallar köklü əsaslara malikdir. Bu ondan ibarətdir ki, biz zamanında tikinti siyasəti üçün vahid normaları konkret bir quruma tapşırsaydıq, dolayı deyil açıq və şəffaf qaydalarla reallaşdırsaydıq, başqaları üçün xüsusi sistem şəraiti yaratmasaydıq, bu hal yaşanmazdı. Hökümət strukturları şərtləri müəyyənləşdirir. Əgər onlar əlçatan olsa və hansısa korrupsiya tələlərinə qarşı mübarizə qoyulsa, onda kimsə layihəni belə qara vasitələrlə qazanmaz. İndi təkcə bir binanın üzündən yox, biz həmdə onların arasındakı məlum məsafə normativlərinin gözlənilməsindən, tikinti kampaniyalarının təhvil verdikləri binaların çoxunun qəbul olunmamasından və digər problemlərdən də danışa bilərik. Ona görə də bu məsələ hökümətdə dəyişikliklərə səbəb olacaq. Bu cənab prezidentin bəyanatlarından da açıq görünür. Həqiqəti söyləməli olsam, düşünürdüm ki, hökümət üzvlərindən kimlərsə istefaya gedəcək. Bu özünü Bakı şəhər İcra Hakimiyyətində göstərməli idi.

Zahid Oruc: “Səfər Əbiyevi əvəz edən Zakir Həsənov sübut etdi ki, ondan əvvəlki nazir necə də yerində deyildi”.

Sadə xalq dilində desək, ölkə başçısı Azərbaycanı qarış-qarış qurmaqdadır. Kimsə bu siyasətə hansısa səbəblərdən dolayı xələl gətirirsə, həm bu millətin iradəsi, həm də cənab prezidentin sərtliyi qarşısında dura bilməyəcək. Bu dəqiqdir. Çünki insanların vətəndaşa yanaşma fərqi, onları gözlətməsi, süründürməçiliyi və s. hallar prezidentin qoyduğu normalara, bu ölkəni qurmaq üçün yürütdüyü siyasətə uyğun gəlmir. Prezident çıxış etdiyi müşavirədə insanlar bir çox məmurların deyil, prezidentin tərəfində idilər. Biz başa düşməliyik ki, məsələ təkcə hansısa binaların üzlük məsələsində deyil.

Çoxları bunu idarəetmə sistemi üzərində testə çevirib, qədim Romanın yandırılmasından da danışanlar var. Halbuki məndə bu fəlsəfəni onlara təqdim edirəm ki, bu binaların çəkiclənmiş köhnə siması təzədən üzə çıxır. Bu çoxmu gözəldir?

Məlum Sovet keçmişindəki səthləri aradan qaldırmaq üçün dövlət rəhbərliyi çox yaxşı qərar vermişdi. Bu təkcə zahiri gözəllik üçün deyildi. Bu həmdə binaya qoyulan investisiya idi. Bu səliqə-səhmanla yanaşı, həmin mənzillərin qiymətlərinə də təsir edir. Hər şeyi bir arşınla ölçüb atmaq istəyirik.Əgər kimsə bunu qüsurlu yerinə yetirirsə, bu tamam başqa mövzudur.

Hesab edirəm ki, bu hadisə ilə bağlı hökümət üzvlərinin qərarları həm cəmiyyətin tələblərinə, həm də dövlət rəhbərinin çağırışlarına uyğun olmalıdır. Məsələn, Səfər Əbiyevi əvəz edən Zakir Həsənov sübut etdi ki, ondan əvvəlki nazir necə də yerində deyildi. Ali Baş Komandanın qoyduğu ən yüksək tələblər həmin şəxslər tərəfindən icra olunmalı idi. Hökümət üzvü kimi üzərinə düşən məsuliyyəti yerinə yetirməyən şəxs həmin anda rəsmi çıxarılmasa da, vətəndaşın nəzərində onsuzda öz vəzifəsində işləmir.

Bilirsiniz təkcə qanunvericilik normaları ilə iş bitmir. Baxın, “Asan” xidmət qurumu ölkəni bütün siyasi qurumlardan daha çox demokratikləşdirir, qanunlara yaxınlaşdırır. Ölkə rəhbəri nə üçün belə qərar verdi? Ona görə ki, ölkədə çətin xidmət edən hökümət strukturları mövcuddur. Belə olan təqdirdə bilməliyik ki, sadəcə şərtlərin əvəzlənməsi məsələni istədiyimiz nəticəyə çatdırmır. Bilməliyik ki, hansı sahələrdə vətəndaşların kütləvi müraciətlərini almaqdayıq. Bunun üçün də yaxşı proqramlar qəbul olunmalıdır və icrası üçün şəffaf mexanizmlər müəyyənləşməlidir. Hesab edirəm ki, bu yöndə ölkə rəhbərinin dəfələrlə parlamentdə hökümət strukturlarına qarşı sərt çağırışları olub.

Mən daha çox ittiham olunan, tutulan şəxslərin vəzifədən çıxarılan kimi çevrəsində böyük müdafiə hərəkatlarının qurulmasını qabartmaq istəyərdim. Bu acınacaqlıdır. Buna görə də korrupsiyaya qarşı mübarizə çətin olur. Əli İnsanovu vaxtilə nəyinsə simvolu sayanlar bu gün onun çevrəsində müxtəlif şəkildə müdafiə istehkamları qurublar və onun adı,dili, sözüylə hakimiyyəti vurmaq istəyirlər. Bunun adı nədir?!”


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 428 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...