“Prezident həmin şəxsləri sərt şəkildə cəzalandıracaq”

“Prezident həmin şəxsləri sərt şəkildə cəzalandıracaq”

Zahid Oruc: “Ölkə başçısı bu dəfə kənar terror qruplarından və ya təxribatçılardan deyil, məhz qeyri-peşəkar məmurlar tərəfindən zərbə aldı” “Cənab prezident hər dəfə keçirtdiyi müşavirələrdə yaradılan hər bir şeyin insanlar üçün olduğunu deyir və bütün məmurların insanların xidmətində olması barədə tapşırıqlarını verir. Yəni bütün hallarda ən əsas faktorun insan faktoru olması prezident tərəfindən dəfələrlə vurğulanıb.

Məmurlar da ona görə bu vəzifələrə təyin olunublar ki, insanların xidmətində dursunlar. Təyin olunmayıblar ki, insanları dövlətdən narazı salsınlar. Kim bu yolu tutacaqsa, təbii ki, ali icra hakimiyyətinin başçısı olan cənab prezident öz səlahiyyətləri çərçivəsində həmin şəxsləri tutduğu vəzifədən azad edəcək və sərt şəkildə cəzalanacaqlar”.

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov bunları “Yeni Müsavat”ın suallarını cavablandırarkən söylədi. Qeyd edək ki, prezidentin məmurlara ünvanlı sonuncu xəbərdarlığı komandada dəyişiklərin anonsu kimi yozulur və hesab olunur ki, bunun ardınca ciddi kadr islahatlarına başlanılacaq. Binəqədi rayonunda yanan binanın timsalında konkret faciənin baş verdiyini və ardınca Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun adlarının cəzalandırılacaq şəxslər siyahısında çəkildiyini xatırlatdıqda, YAP-çı deputat bildirdi ki, bu barədə konkret fikir söyləyə bilməz: “Bunu cənab prezident müəyyənləşdirir. O, kiminsə işində nöqsan görürsə, dərhal tutduğu vəzifədən azad edir. Bu məsələ ancaq prezidentin səlahiyyətinə daxildir. Mən də mətbuatda müxtəlif fikirlərlə tanış oluram. Burda sadəcə işinin öhdəsindən gələ bilməyən məmurların işdən azad olunmasından söhbət gedir”.

Ola bilərmi ki, etimadı doğrultmayan, vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar özləri istefa versin? S.Novruzovun bu suala cavabı belə oldu: “Kim öz ayranına turş deyir? Kim özünün işini nöqsanlı saya bilər? Elələri var ki, bəlkə də nöqsanları var, amma özü belə hesab etmir. Bununla bağlı müxtəlif strukturlar var, araşdırmalar aparırlar və yekunda rəylərini təqdim edəcəklər”.

Deputat Zahid Oruc isə hesab edir ki, yanğın qəzasından sonrakı Azərbaycan məhz ölkə başçısının qərarları ilə dəyişiklik mərhələsinə qədəm qoyub: “Əlbəttə, hamımızı üzən çoxsaylı insan itkilərdir. Görünür, hökumətin böhran situasiyalarında fəaliyyət qabiliyyəti dinc dövrlərlə müqayisə olunmayacaq dərəcədə fərqlidir. Məsuliyyətin bölüşdürülməsində yaxasını kənara çəkənlər, dünənə qədər səlahiyyət uğrunda amansız mübarizə aparırdılar. Hər bir sahibkar və ya fiziki şəxs potensial qanun pozucusu ola bilər. Çünki burjuaziya xarakterinə görə özünə xüsusi şərait yaratmağa çalışır. Lakin şərtləri və qaydaları hökumət müəyyənləşdirir. Baxın, hər nazirliyin çevrəsində bir tikinti qurumu var.

İstisnasız olaraq hamısında dövlətin külli miqdarda vəsaiti və ya xarici investisiyalar həmin strukturların birbaşa özünə ayrılır. Nəticədə əsas dövlət vəzifələrini yerinə yetirmək və Konstitusiya ilə əhaliyə xidmət üçün reqlamentləşdirilimiş funksiyaları həyata keçirməkdənsə, hamının ayrı qayğısı meydana çıxıb. Özlərinə yaxın tikinti-podratçı qurumları yaradıb düşünürlər ki, müvafiq vəsaitləri necə nəzarətdən kənar xərcləsinlər”.



Z.Oruc qeyd etdi ki, tenderin keçirilmədiyi və açıqlıqdan uzaq olan əməliyyatlar isə korrupsiyanın yemi deməkdir: “Ona görə biz zamanında ayrıca Tikinti Nazirliyinin yaranması ilə bütün lisenziya, tender, ekspertiza və qəbul hüquqlarının vahid bir təşkilatda cəmlənməsini təklif etmişdik. Bəli, prezident növbəti dəfə xalqın ağrısını öz üzərinə götürdü. Lakin ölkəsini qarış-qarış quran və dünyaya fərqli bir Azərbaycan çıxaran lider bu dəfə kənar terror qruplarından və ya təxribatçılardan deyil, məhz qeyri-peşəkar məmurlar tərəfindən zərbə aldı. Bununla bərabər, arxalandığı xalqa və əzmkar, prinsipial xarakterə dayanan rəhbər başladığı işi heç vaxt yarımçıq qoymayıb. Ona görə könüllü və məcburi istefalar qaçılmaz olacaq. İlham Əliyev ”toxunulmaz şəxs yoxdur" mesajı ilə xüsusi indulgensiya hissi və cəzasızlıq mühitində özünü hiss edənlərə qəti xəbərdarlıq etdi".

Deputat bildirdi ki, gözümüzün qarşısında dövlət rəhbərinin qəzəbindən yaxasını kənara çəkmək uğrunda növbəti savaş başlanıb: “Beynəlxalq Bankın talanan kredit pulları ətrafında yaranmış vəziyyət də hökumətdə dəyişikliklərin nə qədər zəruri olduğunu sübut edir. Bir sözlə, idarəretmə orqanları transformasiya və yeniləşmə kursu qarşısında olduğunun fərqindədirlər. Baxın, Səfər Əbiyevin başqa bir insanla əvəzlənməsi uzun illər kabinetdən cəbhəni müşahidə edən birisinin vurduğu ziyanlardan xilas olmağın millətimiz və Ali Baş Komandan üçün nə demək olduğunu ortaya qoydu.

Ona görə getmək vaxtı çatmış insanlar bilir ki, prezidentin növbəti qərarı nə olacaq. İndi 2003-cü ildən fərqli olaraq böyük iqtisadi-maliyyə resurslarına malik olan, beynəlxalq əlaqələri güclənmiş bir prezidentin gələcək planlarından danışırıq. Heç şübhəm yoxdur ki, vətəndaş haqlarına əməl etməyən, müxtəlif bürokratik mexanizmlərlə insanları ”Çin səddi"nin arxasında saxlayanların haqqında keçmiş zamanda danışacağımız günə çox qalmayıb".


***
Rusiya prezidenti Bakı səfərində güddüyü bu hədəflərdən hansına çatacaq? Bəs Azərbaycan və Türkiyənin siyasi qazancları nə ola bilər? Bir azca gözləmək lazım gələcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 439 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...