“Kimsə gedib 1 hektar yer götürür ki, “bütün nəslimi burda dəfn edəcəm””

“Kimsə gedib 1 hektar yer götürür ki, “bütün nəslimi burda dəfn edəcəm””


Azərbaycan dünyəvi dövlət olduğu üçün başqa ölkələrdən gələn, eyni zamanda fərqli dindən olan insanlar yerli camaatla birgə rahat şəkildə yaşaya bilir. Maraqlıdır, müxtəlif dindən olub nikaha daxil olan, eyni evi paylaşan insanların eyni qəbiristanlıqda dəfn olunması üçün hansısa məhdudiyyət varmı?

Bu sual Azərbaycanda, eləcə də dünya ölkələrində müsəlman, xristian qəbiristanlıqlarının mövcudluğundan doğur. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az saytına deyib ki, bu, min illərlə yaranmış adət-ənənədir: “Bu, yeni qanun qəbul olunduqdan sonra da belə olacaq. Bizim qanun layihəsinin əsas məqsədi cibinin qalınlığından, nazikliyindən asılı olmayaraq, hər bir insanın islam dinində nəzərdə tutulduğu qaydada dəfn olunmasıdır. İstəyimiz qəbirlərin islam dinində göstərildiyi kimi olmasıdır. Kimsə gedib 1 hektar yer götürür ki, “bütün nəslimi burda dəfn edəcəyəm”.

Qanun layihəsində ölünün ardıcıllıq gözlənilmək şərti ilə dəfn olunması əsas götürüləcək. Dini baxımdan sağ insanın özünə yer alması, yer ayırması məqbul sayılmır.

Bizim qanun layihəsi əsasən qəbiristanlıqların idarə olunmasına və dəfn qaydalarına həsr ediləcək. Layihə müraciətlər əsasında hazırlanır, ayrı-ayrı komitələrə təqdim olunur. Daha sonra layihə Nazirlər Kabinetinə təqdim olunacaq. Onun maliyyə tutumu, yerlərin ayrılması məsələsi, nəzarət edilməsi müəyyənləşdirilməlidir. Proses hələ ki, gedir. Tam hazır olandan sonra komitədə müzakirəyə çıxarılacaq. Layihənin bizdən asılı olmayan səbəblərdən dolayı qarşıdakı ildə hazır olması planlaşdırılır”.

S.Novruzov bildirib ki, qanun qəbul olunduqdan sonra da, hər dinin daşıyıcısının müəyyənləşmiş yerlərdə dəfn olunmaları həyata keçiriləcək: “Gələcəkdə də bu şəkildə davam edəcək. Müsəlman və xristianların, yaxud başqa dinin nümayəndələrinin bir yerdə dəfn olunması yolverilməzdir. Yəni qadağan olunmayıb, amma nəzərə alaq ki, onların ritualları, dəfn qaydaları başqadır”.

İlahiyyatçı Elşad Miri Modern.az saytına bildirib ki, fərqli dindən olanların fərqli yerlərdə dəfn olunması hələ peyğəmbərin dövründən mövcud olub: “Müsəlmanlar üçün ayrıca qəbiristanlıq salınmışdı ki, insanlar müşriklərə dua etməsinlər. Yoxsa hansısa qayda, qadağa, yox idi.

Bu dünyanın bütün ölkələrində belədir. Türkiyəyə də getsəniz, Çinə də getsəniz, Amerikaya da getsəniz müsəlmanlarla xristianların ayrı-ayrı qəbiristanlıqlarda dəfn olunduğunun şahidi olarsınız. Hətta katoliklərlə provaslavların belə, qəbiristanlıqları ayrıdır. Çində buddizm olduğundan ölünü yandırıb külünü haradasa saxlayırlar”. İlahiyyatçı deyib ki, müsəlmanla xristianın müxtəlif, yaxud eyni qəbiristanlıqda dəfn olunması insanların öz seçimidir, yəni dini məcburiyyətdən qaynaqlanan məsələ deyil: “Bu yalnız Azərbaycanda deyil, bütün dünyada belədir. Əvvəl belə bir fətva verilirdi ki, “filankəs kafirdir və müsəlman qəbiristanlığında dəfn oluna bilməz”. Amma qeyd edim ki, bu, Qurani-Kərimə əsaslanmayan bir addımdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
898 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...