“Bank Technique”in Xəzər filialının direktoru: “Nə dindirilmişəm, nə də həbs olunmuşam”
“Bank Technique” ASC-nin Xəzər filialının direktoru Fərid Məmmədov həbs edilməsi barədə yayılan məlumata münasibət bildirib.
Fərid Məmmədov “APA-Economics”ə açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən dindirildiyi və həbs edildiyi barədə mətbuatda yazılanlar həqiqəti əks etdirmir.
"Mənim həbs olunmağım və həbs olunarkən guya iş otağımdan 4 milyon ABŞ dollarının götürülməsi ilə bağlı mətbuatda yayılan xəbərlər yalandır. Nə dindirilmişəm, nə də həbs olunmuşam. Bu saytlar həmin xəbərləri nəyə əsasən yazıb, başa düşə bilmirəm. Məni dindirmək üçün heç bir yerə aparmayıblar. Dünən işdə olmuşam. Hal-hazırda iş günü olmadığına görə, mən evdəyəm, istirahət edirəm. Bazar ertəsi işdə olacağam. İstəsəniz gələrsiniz, görüşərik. Lazımdırsa, indi də görüşə bilərik”.
F. Məmmədov əlavə edib ki, onun rəhbərlik etdiyi filialda heç bir hüquq-mühafizə orqanı tərəfindən yoxlama aparılmayıb.
Qeyd edək ki, F. Məmmədov Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşıdır.
1 361 dəfə oxundu